Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması və onun gələcək nəsillərə ötürülməsi tarix boyu aktual məsələlərdən biri olub. Azərbaycan xalqının milli sərvəti olan Azərbaycan dili millətin formalaşmasında əsas amillərdən biridir və xalqımızın keçdiyi tarixi-siyasi yol dilimizdə öz əksini tapır. Bu yolda Azərbaycanın ümummilli lideri Heydər Əliyev həyatı boyu Azərbaycan xalqı və onun milli dəyərləri üçün daima mübarizə aparmış və onların qorunması üçün iş həyatında bütün qüvvəsi ilə çalışmışdır və bu gün Ulu Öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun dəyərli irsini davam etdirir. Heydər Əliyev çıxışlarında hər zaman azərbaycanlıların milli dəyərlərini özündə əks etdirən və milli sərvəti olan Azərbaycan dilinin qorunub saxlanması və inkişaf etməsini xüsusi vurğulayırdı. Heydər Əliyev deyirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində Azərbaycan dili ilə bağlı çıxışında və 5 yanvar 2026-cı ildə yerli mətbuat işçilərinə verdiyi müsahibəsində Azərbaycan dili barədə verilən sualların cavabında Azərbaycan xalqını bir daha milli dəyəri, milli sərvəti və dərin tarixə malik olan Azərbaycan dilinin saflığının qorunmasına çağırış etdi.
İlham Əliyev qeyd etdi ki, “Dil dövlətçiliyin əsas atributlarından biridir, bəlkə də birincisidir, təbii ki, bayraqla, gerblə, himnlə birlikdə”. Bəli, Azərbaycan dili xalqımızın milli kimliyini özündə əks etdirən dövlət atributlardan birincisidir və o, Azərbaycan xalqının keçmişi ilə gələcəyi arasında böyük körpü yaratmışdır. Azərbaycan dili dünəndən bu günə neçə-neçə yad təsirlərə məruz qalmışdır, ancaq bu təsirlərə baxmayaraq Azərbaycan dili keçmişdən bu günə qədər qorunaraq gələcək nəsillərə ötürülmüşdür. Dilimizin qorunub saxlanmasından danışan Prezident İlham Əliyev qeyd edir ki, “biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”. Bu gün hər bir azərbaycanlının borcudur ki, ona dəyərli bir miras kimi qalan müqəddəs Azərbaycan dilini qorusun və onu inkişaf etdirərək dünyada öndə olan dillər səviyyəsinə qaldırsın. Belə ki, Azərbaycan dilinin beynəlxalq müstəvidə inkişaf etməsi bir başa millətin inkişafı deməkdir.
Prezident İlham Əliyev daha sonra qeyd etdi ki, “ancaq dil o amildir ki, milləti millət edir”. Bəli, hər bir dil aid olduğu dövlətin və millətin var olması deməkdir və o, milli dövlətçiliyin möhkəmlənməsində xüsusi rol oynayır. Azərbaycan dili Azərbaycan xalqının varlığını və mədəniyyətini özündə təcəssüm etdirir. Azərbaycan xalqı tarix boyu çox çətinliklərdən keçmiş və dərin sınaqlardan çıxmışdır, ancaq buna baxmayaraq xalqımız milli kimliyinin simvolu olan Azərbaycan dilinə sahib çıxmışdır, onu yad təsirlərdən qorumuşdur.
Ulu öndərimiz Heydər Əliyev istər Azərbaycanda və istərsə də Moskvada yaşayıb işlədiyi vaxtlarda hər zaman Azərbaycan dilinin saflığının qorunub saxlanılmasına, onun başqa dillərin təsiri altına düşməməsinə və ona sahib çıxmağı xüsusilə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev başqa dilləri bilsə də o, hər zaman Azərbaycan dilində nitq söyləyərək Azərbaycan xalqına bir örnək olmuşdur.
Prezident İlham Əliyev öz çıxışında çox dil bilməyin tərəfdarı olduğunu deyərək, xarici dillərdə lazım olan vaxtda danışmağı tövsiyə edir. Doğrudur, çox dil bilmək insan üçün çox yaxşı xüsusiyyətdir, amma ondan yerində və zamanı gəldikdə istifadə etmək lazımdır ki, ana dili kölgədə qalmasın. Sovet dövründə rus dili Azərbaycanda ikinci dil kimi təbliğ edilirdi, hətta rus dilində danışmayan insana aşağı səviyyəli kimi baxılırdı. 90-cı illərdən başlayaraq Azərbaycan dili öz varlığına qayıtmağa başladı. Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan dilinin dirçəlişinə səbəb oldu və 22 dekabr 1992-ci ildə Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dili elan edildi və latın qrafikası qəbul edildi. Azərbaycanda bütün dövlət müəssisələrində, elm və təhsil sahəsində, KİV-də, kitab və əsərlərin yazılmasında latın qrafikasından istifadə etmək tələbi qoyuldu. 90-cı illərdən sonra Azərbaycanda dilinin inkişafı sürətləndi və yad sözlərin dilimizdə işlədilməsinin qarşısı alınmağa başladı. Azərbaycan dilinin zəngin leksik vahidləri yad kəlmələri əvəzlədi və bu gün dilçiliyimizin qarşısında duran bu problem aktual məsələlərdən biridir. Sön 20 ildən bəri Azərbaycan dilçiliyində aparılan müxtəlifsistemli tədqiqatlar və Azərbaycan dilində tərtib olunan yeni lüğətlər dilimizin inkişafına və onun xarici sözlərdən qorunmasına xidmət edir. Dilçilərimiz tərəfindən tərtib olunan yeni lüğətlər Azərbaycanda dil siyasətini və cəmiyyət arasında dil mədəniyyətinin inkişafını sürətləndirir. Dil siyasəti dünya liderləri tərəfindən hər zaman önə çəkilən məsələlərdən biri olmuşdur.
Belə ki, Azərbaycanın hər iki liderinin dövlət idarəçiliyində apardığı dil siyasəti dövlətimiz üçün əsas məsələlərdən biri olmuşdur. Heydər Əliyev deyirdi ki, “dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir, şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Azərbaycan dili ilə bağlı bu kimi dəyərli sözləri İlham Əliyev də deyir: “Bizim dilimiz zəngindir, sən istənilən ifadəni deyə bilərsən, istənilən şeiri yaza bilərsən. Çox zəngin, çox melodik və gözəldir, təkcə ona görə yox ki, bu, bizim dilimizdir. Mən bir çox həmkarlarımdan, bir çox insanlardan eşitmişəm ki, doğrudan da çox zəngin və gözəl dildir”. Azərbaycan dilini inkişaf etdirən və onun zənginliyini önə çəkən amillərdən biri də xalqın yaratdığı dastanlar, zərb-məsəlləri, yazarlarımızın yazdığı hekayə və böyük əsərləri olmuşdur. Bu gün də tələb olunur ki, yazılan hər bir əsərdə Azərbaycan dilinin zəngin leksikası və üslubi xüsusiyyətləri öz əksini tapsın. Son zamanlar dilimizə tərcümə olunan və yazılan yeni əsərlərdə yad kəlmələrin işlədilməsi sürətlə artmaqdadır. Belə yad sözlərin dilimizdə işlədilməsi Azərbaycan dilinin dərin, geniş mənaya və xüsusi ahəngdarlığa malik sözlərini sıxışdırıb aradan çıxarır. Dilimizdə xarici sözlərdən istifadə edilərək yazılan əsərlərin dili canlı danışığa bir başa təsir edir və istər-istəməz həmin yad sözlər cəmiyyət nitqdə işlədilərək vərdiş halına çevrilir. Belə ki, dilimizə gələn yad sözlərin daima işlədilməsi ana dilimizdə olan bu sözlərin qarşılığının sıxışdırılaraq unudulmasına gətirib çıxarır.
Azərbaycan dilində yersiz işlədilən xarici kəlmələrə münasibət bildirən İlham Əliyev “Xarici kəlmələrin damcı-damcı, yavaş-yavaş dilimizi pozduğunu, zənginləşdirmədiyini, milli kimliyimizi sarsıtdığını” deyir və o, Azərbaycan xalqını dilimizi yad kəlmələrdən qorumağa çağırır və bunun hər birimizin vəzifəsi olduğunu deyir və İlham Əliyev azərbaycanlıları öz dilini qorumaq üçün mübarizə aparmağa dəvət edir.
Doğrudan da, hər bir azərbaycanlı nitqində işlətdiyi yad kəlmə məsələsinə ciddi yanaşmalıdır, belə yad kəlmələrin dildə işlənməsi ana dilinə münasibəti dəyişə bilər. Azərbaycan dilinin leksik sistemi o qədər zəngindir ki, yad kəlmələrin dilimizdə işlədilməsinə ehtiyac yoxdur, hətta yad kəlmələrsiz belə böyük əsərlər yazmaq və yaratmaq olar. Azərbaycan ədəbi dil normalarına riayət etməklə və öz dilimizin leksik vahidlərindən istifadə edərək gözəl nitq söyləmək mümkündür. Azərbaycan dilinin standart dil normalarının formalaşmasında, inkişaf etməsində KİV-in də rolu böyükdür və hər bir dilin təbliğ olunması bir başa KİV-dən keçir. Son zamanlar Azərbaycan televiziya və radio verilişlərində xarici sözlərdən daha çox istifadə edilir, ancaq bu doğru deyil. Dilimizdə belə yad sözlərin işlənməsi Azərbaycan dilinin leksik vahidlərinin tanınmasına maneə yardır. Prezident İlham Əliyev çıxışında jurnalistlərdən çox şey asılı olduğunu vurğulayır “efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər” deyir . Dövlət dili haqqında qanunda tələb olunur ki, KİV-də çalışanların hər biri dövlət dilinin standart qaydalarını və ədəbi dil normalarını mükəmməl bilməlidir, onlar səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Bunun üçün dilin leksik laylarını və sistemini, qrammatik qaydalarını və fonetikasını dərindən oxuyub mənimsəməlidirlər. Bəzən yerli kanallarda işlədilən sözlərin Azərbaycan dilində qarşılığı olduq da belə yad kəlmələrdən istifadə edirlər. Məsələn, interview-müsahibə, headline-qəzet başlığı və s. kimi sözlərdən görünür ki, qeyd olunan xarici sözlərin Azərbaycan dilində qarşılığı var və dilimizə aid bu sözlərin işlənməsi həm dilə yatımlıdır həm də hər kəs tərəfindən başa düşülür.
İlham Əliyev digər tərəfdən də xaricdə yaşayan azərbaycanlıların qayğısına qalır, onların da öz ana dillərində yaxşı danışmaq üçün yaşadıqları dövlətlərdə Azərbaycan dilinin tədrisinin əsas məsələlərdən biri olduğunu deyir. O qeyd edir ki, “Dünyada 50 milyon azərbaycanlı yaşayır, amma əzəli, əbədi, ədəbi dili qoruyan bizik və çox istəyirəm ki, xaricdə yaşayan azərbaycanlılar da Azərbaycan dilini mükəmməl bilsinlər”.
İlham Əliyev müsahibəsində azərbaycanlıların yaşadıqları bəzi xarici ölkələrdə Azərbaycan dilli məktəblərinin olmadığını da diqqətə çəkir və bunu azərbaycanlılar üçün ədalətsiz hesab edir və bu ədalətsizliyə son qoyulmasını tələb edir. O qeyd edir ki, “Biz imkan daxilində təsir etməyə çalışırıq, amma imkanlarımız da çox geniş deyil. Bunun üçün də mənim göstərişimlə artıq onlayn məktəblər açılır və onların sayı da çoxalmalıdır, əhatə dairəsi çoxalmalıdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinə sahib çıxmaqla yanaşı, bir tərəfdən də xaricdə yaşayan azərbaycanlıların ana dilini bilməsini Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri kimi görür. İlham Əliyevin arzusu dünyada yaşayan 50 milyon azərbaycanlının Azərbaycan dilində mükəmməl danışmasıdır. “Mən çox istəyirəm ki, bütün azərbaycanlılar Azərbaycan dilində, bax, bizim kimi danışsınlar. Bu, mənim arzumdur”.
Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn formada dərslərin keçirilməsi və öyrədilməsi bir tərəfdən Azərbaycan dilini bilmək kimi dəyərləndirilirsə, digər tərəfdən də Azərbaycan dilin təbliği deməkdir. Belə ki, Azərbaycan dili barədə dərsliklərin elektron variantlarının yayılması və təcrübəli Azərbaycan dili mütəxəssisləri tərəfindən onlayn dərslərin keçirilməsi daha da çoxalmalıdır. Dilimiz barədə yazılan dərsliklərin və kitabların Azərbaycan dilinin ədəbi dil qaydalarına və dil normalarına uyğun yazılaraq xaricdə yaşayan azərbaycanlılara göndərilməsi qarşıya qoyulan məqsədə uyğun olardı. Azərbaycan dilinin qorunması ailədən başlayaraq bağçada formalaşaraq inkişaf etməyə başlayır, sonra ilk məktəb illərindən ana dilinin dərk edilməsi və dil qaydalarına uyğun mənimsənilməsi həyata keçirilir. Sonrakı illərdə ana dilinin qrammatikası, fonetikası və leksik sistemi nəzəri və təcrübi baxımdan öyrədilir. Dilin formalaşması və inkişafının digər mərhələsi sosial mühitdən başlayır və hər bir insanın sosiallaşması dilin inkişafına böyük təsir göstərir. Azərbaycan dilinə olan sevgi və onun qorunub saxlanması ailədən başlanmalıdır ki, təhsil zamanı və sosial mühitdə hər bir azərbaycanlı öz ana dilinə sahib çıxsın və onu inkişaf etdirsin. Beləliklə, hər bir dilin inkişafı dildaxili və dilxarici amillər vasitəsilə həyata keçirilir.
Lalə Qurbanova, AMEA Nəsimi adına Dilçilik İnstitutu Hind-Avropa dilləri şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent