ABŞ-ın vasitəçilik cəhdi nəticə vermir, tərəflər müharibənin daha da uzanacağına hazırlaşırlar...
ABŞ-ın Moskva və Kiyevi danışıqlar masasına gətirmək cəhdi nəticəsiz qalıb. Vaşinqtonun vasitəçiliyi həm Ukraynanı, həm də Rusiyanı qane etməyib və tərəflər getdikcə daha uzunmüddətli müharibəyə hazırlaşırlar.
Moderator.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
Nəşr yazır ki, keçən il Rusiya Alyaskadakı ABŞ-Rusiya sammitini böyük uğur kimi təqdim etsə də, sonradan bu optimizm aradan qalxıb. Ukrayna isə açıq şəkildə ABŞ vasitəçiliyindən narazılığını ifadə etməyə başlayıb. Bunun fonunda cəbhədə əldə olunan nəticələr tərəflərin kompromisdən daha çox müharibəyə fokuslanmasına səbəb olur.
Nəticəsiz danışıqlar və zəifləyən təsir
Danışıqlara əvvəlcə Donald Trampın yaxın çevrəsindən olan Stiv Uitkoff, daha sonra isə Cared Kuşner rəhbərlik edib. Uitkoff bir neçə dəfə Moskvaya gedərək Vladimir Putin və Sergey Lavrovla görüşsə də, ciddi nəticə əldə olunmayıb.
Moskva Donbas üzərində tam nəzarət tələbindən geri çəkilməyib, Vaşinqton isə Ukraynanı buna razı sala bilməyib. ABŞ administrasiyası hesab edirdi ki, Rusiya zamanla Donbası ələ keçirəcək və bundan sonra sülh razılaşması mümkün olacaq.
Donald Tramp və ABŞ vitse-prezidenti Cey Di Vens dəfələrlə Ukraynanın zəif vəziyyətdə olduğunu vurğulayıblar. Bununla belə, Vaşinqton yardımı azaltsa da, NATO vasitəsilə Ukraynaya silah və kəşfiyyat dəstəyi verməyə davam edib.
Ukraynanın mövqeyi güclənir

"Foreign Policy" qeyd edir ki, Rusiya Donbasda gözlənilən sürətli irəliləyişi əldə edə bilməyib və bəzi istiqamətlərdə mövqelərini itirib. ABŞ yardımının azalmasından sonra Avropa ölkələri Ukraynaya dəstəyi artırıb, Kiyev isə dron və digər silahların istehsalını genişləndirib. Ukraynanın Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələri də Moskva üçün problemləri artırır.
Nəşr bildirir ki, bu il Rusiya iqtisadiyyatının cəmi 0,4 faiz böyüyəcəyi gözlənilir. Bu fonda həm Ukrayna, həm də Rusiya Avropanın danışıqlarda daha böyük rol almasına açıq olduqlarını bildiriblər. Zelenski bu məsələni Avropa Şurasının sədri Antoniu Koşta ilə müzakirə edib. Mümkün vasitəçilər arasında Angela Merkel və Mario Draqinin adları çəkilir.
