Rəqəmsal kreditləşmə kiçik və orta biznesin (KOB) ən vacib dəstək alətinə çevrilir.
"Far.Az" xəbər verir ki, bu barədə "Synergy Consulting"in Azərbaycan üzrə direktoru Rüfət Qəmbərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dayanıqlı, inklüziv və həyat qabiliyyətli şəhərlərin yaradılmasında əsas iştirakçılar kimi kiçik və orta biznesin imkanlarının genişləndirilməsi" mövzusunda panel müzakirəsində bildirib.
"Klassik bank kreditləşməsi kiçik və orta biznes nümayəndələri üçün maliyyə aləti kimi öz əlçatanlığını itirir. Borc kapitalının yüksək dəyəri və müştərilərin mürəkkəbləşdirilmiş verifikasiya prosedurları sahibkarları alternativ həll yollarına müraciət etməyə vadar edir.
Süni intellekt və maşın öyrənməsi texnologiyalarını tətbiq edən fintex platformalar belə həll yolu kimi çıxış edir: onlar xərcləri əhəmiyyətli dərəcədə azaldır və iri banklarla müqayisədə maliyyə resurslarını daha operativ və daha sərfəli şərtlərlə əldə etməyə imkan verir", - R. Qəmbərov qeyd edib.