AZ

İlham Məmmədzadə:"Oğlum Elvinə bəylik taxtında oturmaq qismət olmadı"



"Elvininlə qürur duyuram. Göstərdiyi şücaət görə, Prezident İlham Əliyevin Sərəncamı ilə " Azərbaycan Bayrağı" ordeni ilə təltif olundu. Özü şəhid olsa da, yaddaşlarda igid, cəsur, vətənpərvər bir Azərbaycan oğlu olaraq qaldı. O, çox ağıllı, vətənpərvər bir oğul idi. Tətillərdə evə gələndə çox söhbətlərimiz olurdu. Elə bilirdim ki, qarşımda gənc bir oğlan yox, müdrik, dünyagörmüş bir insan dayanıb. Yəni o qədər ağıllı, o qədər təmkinli idi ki... Deyirdi ki, torpaqlarımız mütləq azad olunacaq. Buna inamı böyük idi. Elə bir oğul idi ki, tərifini sözlə demək çətindir. Onunla qürur duyuram. Bir şeyə heyfslənirəm ki, oğlum Elvinə bəylik taxtında oturmaq qismət olmadı. Üç il nişanlı qaldı. Gəncədən gözəl, ağıllı bir qızla nişanlanlanmışdı. Toylarına əvvəlcə koronavirus pandemiyası mane oldu, sonra da müharibə...Elvin şəhid oldu, amma nişanlısı hələ də onun yolunu gözləyir. Çox istəyirik ki, o qız ailə həyatı qursun, oğlunun adını da Elvin qoysun. Amma o, ailə həyatı qurmaq istəmir... Elvin nişanlısınaməktubunda yazmışdı ki, mən şəhid olsam bir il gözlə, sonra ailə həyatı qur, oğlun olarsa adını Elvin qoy... Nişanlarının ailə həyatı qurmasını özü vəsiyyət etmişdi". Bu sözləri Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Re­dak­si­yasınınçap etdirdiyi "44 gün – Tarixi Zəfər" adlı ki­ta­bın II, III və IV cildlərinin təqdimat mərasimində "Azərbaycan Bayrağı" ordenli şəhid leytenant Elvin Məmmədzadənin atası İlham Məmmədzadə baki-xeber.com-a deyib. Şəhid atası bildirdi ki, Elvin 1996-cı il noyabrın 22-də Samux rayonunda anadan olub, 2003-2012-ci illərdə M.Ə.Sabir adına Samux şəhər tam orta məktəbində, 2012-2015-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. İ. Məmmədzadə qeyd etdi ki, Elvin Məmmədzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Elvin Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Elvin Məmmədzadə noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. Samux rayonunda torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Şücaətə görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhid atası bildirdi ki, Respublika Xatirə Kitabı Re­dak­si­yasının şəhidlərin xatirəsinin və adlarının əbədiləşdirilməsi istiqamətində gördüyü işləri təqdir edir. İ. Məmmədzadə vurğuladı ki, redaksiyanın ərsəyə gətirdiyi nəşrlərdə oğullarının adlarının yaşadılması onlara böyük təsəllidir. İradə SARIYEVA Gəncə

Seçilən
34
baki-xeber.com

1Mənbələr