AZ

"Revanşistlərin qələbəsi Rusiyanın bölgəyə qayıdışı və yeni münaqişə deməkdir" – Əli Mustafa – ÖZƏL

Ermənistanın kremlyönlü "Güclü Ermənistan" blokunun baş nazirliyə namizədi Samvel Karapetyan hakimiyyətə gələcəyi təqdirdə azərbaycanlıların ölkədə torpaq və əmlak almasını qanunla qadağan edəcəyini bildirib. O, 300 min azərbaycanlının Ermənistana köçməyə hazırlaşdığını iddia edib. 

"Karapetyanın açıqlaması onu göstərir ki, Rusiya yönümlü qüvvələr Azərbaycan-Ermənistan münasibətlərini yenidən korlamaqda maraqlıdırlar. Əslində bu, bir PR kampaniyasıdır. Normalda belə bir məsələ yoxdur. Düzdür, azərbaycanlıların ora qayıtmaq istəyi və arzusu olub. Amma indiki vəziyyətdə bu, real görünmür. Yəni bu barədə, bildiyim qədər, hansısa konkret planlar yoxdur".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu daha çox Paşinyana qarşı aparılan qara PR kampaniyasıdır. Məqsəd onu gözdən salmaq, nüfuzdan salmaqdır. Son günlər bu tezislərdən istifadə olunur. Yəqin ki, bunlar Kremlin hazırladığı tezislərdir. Bu narrativlərin əsas məqsədi Paşinyanı ölkə daxilində nüfuzdan salmağa xidmət edir. Əlbəttə, bu yanaşma onu deməyə əsas verir ki, əgər revanşistlər sabah seçkilərdə qalib gəlsələr, o halda Cənubi Qafqazda sülh prosesi dayanacaq. Azərbaycan-Ermənistan münasibətlərində də, təbii ki, revanşistlərin seçkidə qalib gələcəyi təqdirdə münasibətlərin korlanacağı, gərginləşəcəyi ehtimalı var. Burada yalnız azərbaycanlılar məsələsi deyil, Qarabağ məsələsi də var. Ermənilərin ora qaytarılması məsələsi var. Bütün bunlar yenidən bölgədə münaqişə yaratmaq, ölkələri qarşıdurmaya cəlb etmək və bunun fonunda Rusiyanın da bölgəyə qayıdışını təmin etmək məqsədi daşıyır. Odur ki, ümid edirəm revanşistlər bu yalan və böyük iddialarla cəmiyyəti manipulyasiya edə bilməyəcəklər. Hər halda Paşinyan bölgədə sülhün qalıcı olmasında daha maraqlıdır və onun yenidən seçkilərdə qalib gəlməsi müəyyən mənada bölgəmizdə sülh və təhlükəsizliyin ciddi təminatı sayıla bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr