AZ

Xəzər dənizi və su ehtiyatları Bakının gələcək inkişafını müəyyən edəcək - Fariz İsmayılzadə

Bakının və ümumilikdə Azərbaycanın şəhər inkişafına təsir edəcək əsas amillər ekoloji dəyişikliklər, texnoloji yeniliklər və demoqrafik proseslər olacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri ADA Universitetinin prorektoru Fariz İsmayılzadə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Təhsil və peşəkar hazırlıq" beynəlxalq dəyirmi masa müzakirəsində deyib.

Onun sözlərinə görə, yaxın illərdə Bakı üçün əsas çağırışlardan biri ekoloji məsələlər olacaq.

"Xüsusilə Xəzər dənizinin səviyyəsinin azalması, Bakıda fəaliyyət göstərən limanların qarşılaşdığı çətinliklər və içməli su təminatı məsələləri şəhər inkişafına ciddi təsir göstərəcək. Azərbaycan su ehtiyatlarının əhəmiyyətli hissəsini qonşu ölkələrdən aldığı üçün bu sahədə müəyyən asılılıq mövcuddur. Bu amillər mənzil tikintisinin və urbanizasiya proseslərinin gələcək istiqamətlərini də müəyyənləşdirəcək.

Bu səbəbdən universitetimizdə su ehtiyatları, içməli su təhlükəsizliyi və Xəzər dənizinin gələcəyi ilə bağlı yeni tədqiqat proqramları yaradılır. Hesab edirəm ki, məhz bu məsələlər şəhərlərimizin inkişaf trayektoriyasına mühüm təsir göstərəcək", - deyə o vurğulayıb.

Prorektor əlavə edib ki, texnoloji dəyişikliklər və innovasiyalar da şəhər inkişafının əsas hərəkətverici qüvvələrindən biridir.

"Hazırda Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirir. Eyni zamanda "ağıllı" həllərin və müasir texnologiyaların şəhər idarəçiliyində, nəqliyyatda və gündəlik həyatda tətbiqi istiqamətində işlər aparılır", - deyə F. İsmayılzadə bildirib.

Prorektor qeyd edib ki, ADA Universiteti şəhərlərin gələcəyi ilə bağlı tədqiqatlarda beynəlxalq əməkdaşlığı genişləndirir:

"Texnologiya, ekologiya və demoqrafiya sahələri ADA Universitetinin şəhərsalma və urban inkişaf üzrə tədqiqat fəaliyyətinin əsas istiqamətlərini təşkil edir.

Müasir şəhərlərin qarşılaşdığı problemlərin həlli beynəlxalq əməkdaşlıq olmadan mümkün deyil. Azərbaycan nisbətən kiçik ölkədir və xüsusilə su ehtiyatları, ətraf mühit və Xəzər dənizi ilə bağlı problemlərin həlli üçün qonşu dövlətlərlə əməkdaşlıq vacibdir. Eyni zamanda beynəlxalq təşkilatlarla birgə işləmək və bu məsələlər üzrə qlobal məlumatlılığı artırmaq lazımdır", - deyə o bildirib.

F. İsmayılzadə qeyd edib ki, universitet texnoloji transformasiya istiqamətində də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir.

"Texnoloji məsələlərdə qabaqcıl iqtisadiyyatların təcrübəsindən yararlanmaq vacibdir. Süni intellekt, böyük verilənlərin analizi və ağıllı texnologiyaların tətbiqi gələcəyin şəhərlərinin formalaşmasında mühüm rol oynayacaq", - deyə o vurğulayıb.

Prorektorun sözlərinə görə, ADA Universiteti bu istiqamətlərdə həm yerli tədqiqatları inkişaf etdirir, həm də beynəlxalq elmi şəbəkələr və tərəfdaşlıqlar vasitəsilə digər ölkələrin təcrübəsini öyrənməyə çalışır.

"Bizim məqsədimiz qlobal təcrübəni Azərbaycana gətirmək və eyni zamanda ölkəmizin təcrübəsini beynəlxalq platformalarda paylaşmaqdır", - deyə F.İsmayılzadə əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri, urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr olunub.

Beşinci gün çərçivəsində "Böhranların bərpası və yenidənqurulmasının mərkəzində mənzil", "Mənzil maliyyələşdirilməsi üçün yeni razılaşma", "Akademiya", "Uşaqlar və gənclər", "Kiçik ada inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm", "Afrika Əlçatan Mənzil Kompaktı - İnvestorlar üçün xüsusi sessiya", "Peşəkarlar", "Vətəndaş cəmiyyəti" və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi, şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin "SPECA İqlimə Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət Bəyannaməsi"nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Seçilən
37
2
day.az

10Mənbələr