Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Akademiya və tədqiqat” mövzusunda dəyirmi masada şəhərsalma sahəsində mütəxəssis hazırlığının gücləndirilməsinin vacibliyi vurğulanıb.Metbuat.az-ın məlumatına görə, Gülçöhrə Məmmədova çıxışında bildirib ki, ali təhsildə müxtəlif səviyyələr üzrə təhsil proqramlarının hazırlanması artıq zərurətə çevrilib. Onun sözlərinə görə, bakalavr mərhələsindən başlayaraq memar, urbanist və şəhərsalma sahəsində çalışan digər mütəxəssislərə yalnız peşə bilikləri deyil, eyni zamanda ümumi və multidissiplinar yanaşmalar da aşılanmalıdır.Rektor qeyd edib ki, hazırda şəhərlərin qarşısında duran əsas çağırışlardan biri iqlim dəyişikliyidir və bu proses şəhər inkişafına yeni yanaşmalar tələb edir. O bildirib ki, rəqəmsallaşma və texnologiyaların inkişafı problemlərin həllində mühüm rol oynayır, smart şəhərlərin formalaşması isə məhz bu dəyişikliklərin nəticəsidir.G.Məmmədova vurğulayıb ki, bu sahədə çalışan mütəxəssislər yalnız texniki biliklərlə kifayətlənməməli, həmçinin sosial problemlər barədə də geniş məlumatlı olmalıdırlar. Onlar fəaliyyətlərində insanların və icmaların maraq və ehtiyaclarını nəzərə almağı bacarmalıdırlar.O əlavə edib ki, ali təhsil müəssisələri bu dəyişikliklərə uyğun olaraq həm tədris proqramlarını yeniləməli, həm də müəllim heyətinin bilik və bacarıqlarının davamlı inkişafını təmin etməlidir.AzMİU rektoru universitetlərin yalnız tədris müəssisəsi kimi fəaliyyət göstərməsinin kifayət etmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, universitetlər dövlət qurumları, sosial institutlar və yerli icmalarla daha sıx əməkdaşlıq etməli, cəmiyyətin inkişaf proseslərində fəal iştirak etməlidirlər.G.Məmmədova bildirib ki, bu yanaşma daha məsuliyyətli, savadlı və cəmiyyətə faydalı vətəndaşların formalaşmasına mühüm töhfə verə bilər.Gülbəniz Hüseynli / Mətbuat.az