Bakı, 21 may, AZƏRTAC
Dövrümüzdə kənd yerləri ilə müqayisədə şəhərlərdə yaşayan insanların sayı olduqca çoxdur. Təəssüf ki, bu bəzən bizim rifahımız hesabına başa gəlir. Lakin bu, şəhər həyatından imtina edə bilməyəcəyimiz üçün baş verir, çünki onun bir çox üstünlükləri var.
AZƏRTAC xəbər verir ki, bunu “Neyroşəhərsalma: Şəhərlər beynin formalaşmasına, davranışa və psixi rifaha necə təsir edir?” adlı paneldə çıxışı zamanı klinik psixoloq, psixoterapevt, Azərbaycan Universitetində neyrobiologiya üzrə müəllim Fidan Seyidbəyli-Əmrahlı söyləyib.
O, Miçiqan Universitetinə aparılan tədqiqatlar nəticəsini bölüşüb: “İştirakçılar iki qrupa bölünüb. Birinci qrup vaxtını şəhərin qələbəlik, gərgin küçələrində gəzərək keçirib. İkinci qrup isə vaxtını parklar və bu kimi yaşıl sahələrdə keçirib. Daha sonra iştirakçıların koqnitiv göstəriciləri qiymətləndirilib. Tədqiqatçılar belə bir nəticəyə gəliblər ki, birinci qrupun qərarvermə və məlumatı qavrama səviyyəsi göstəriciləri ikinci qrupla müqayisədə daha aşağı olub",- deyə Fidan Seyidbəyli-Əmrahlı əlavə edib.