AZ

Xamenei zənginləşdirilmiş uranın xaricə çıxarılmasını qadağan etdi

İranın Ali Rəhbəri ölkədə mövcud olan və demək olar ki, silah dərəcəsinə çatdırılmış zənginləşdirilmiş uran ehtiyatlarının xaricə çıxarılmasını qadağan edən xüsusi direktiv imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi yüksək rütbəli iki iranlı mənbəyə istinadən məlumat yayıb.

Ayətullah Müctəba Xameneinin bu göstərişi Tehranın sülh danışıqlarında ABŞ-ın əsas tələblərindən birinə qarşı mövqeyini daha da sərtləşdirir. Bu addım ABŞ Prezidenti Donald Trampı daha da məyus edə bilər və ABŞ-İsrail koalisiyasının İrana qarşı apardığı müharibənin dayandırılması üzrə danışıqları çıxılmaza sala bilər.
 

İsrail rəsmlərinin "Reuters"ə verdiyi məlumata görə, Tramp İsrail tərəfini əmin etmişdi ki, İranın atom silahı istehsalı üçün lazım olan yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatları ölkədən çıxarılacaq və istənilən sülh sazişində bu bənd mütləq yer alacaq.


İsrailin Baş naziri Benyamin Netanyahu isə bəyan edib ki, zənginləşdirilmiş uran İrandan tamamilə çıxarılmayana, Tehran öz proksi qüvvələrinə dəstəyi dayandırmayana, ölkənin ballistik raket potensialı ləğv edilməyənə qədər müharibəni başa çatmış hesab etməyəcək.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən iranlı mənbələrdən biri bildirib:

"Ali Rəhbərin direktivi və hakim dairələr daxilindəki konsensus ondan ibarətdir ki, zənginləşdirilmiş uran ehtiyatları heç bir halda ölkə hüdudlarından kənara çıxarılmamalıdır".

Mənbələrin sözlərinə görə, İranın yüksək rütbəli rəsmiləri hesab edirlər ki, nüvə materiallarının xaricə göndərilməsi ölkəni gələcəkdə ABŞ və İsrail tərəfindən törədilə biləcək potensial hücumlar qarşısında tamamilə müdafiəsiz və zəif qoya bilər.

Xatırladaq ki, İranda ən mühüm dövlət məsələlərində son söz qəbul etmək səlahiyyəti məhz Ali Rəhbər Xameneiyə məxsusdur.

Bizim.Media

Seçilən
25
1
bizim.media

4Mənbələr