AZ

Rüfət Mahmud: 20 illik baş planda İçərişəhəri mədəniyyət mərkəzi kimi müəyyən etmişik

BAKI, 21 may. TELEQRAF

2020-ci ildən 2040-cı ilə qədər nəzərdə tutulan 20 illik baş planımızda biz Bakının İçərişəhərini mədəniyyət mərkəzi və Bakının, hətta bəlkə də ölkənin yaradıcı sənaye mərkəzi kimi müəyyən etmişik.

Teleqraf xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri Rüfət Mahmud WUF13 çərçivəsində keçirilən “İraqın Ərbil şəhəri üçün İnteqrasiya olunmuş İrs və Əlverişli Mənzil Çərçivəsi” adlı tədbirdə çıxışında deyib.

O qeyd edib ki, Bakı ilə Ərbil arasında çoxlu oxşarlıqlar var:

“İlk növbədə, bildiyim qədərilə, hər iki şəhər dünyanın ən qədim, fasiləsiz yaşayış olan urban ərazilərindən sayılır. Ərbilin Qalası bizim Bakının İçərişəhərinə çox bənzəyir. Onların çox uzun tarixi var. Hər iki şəhərin də öz təsiri, öz nüfuzu olub. Eyni zamanda, bu şəhərlərin yerləşdiyi coğrafi məkan müxtəlif mədəniyyətlərin, dinlərin kəsişmə nöqtəsindədir və bu da, şübhəsiz ki, orada yaşayan insanların mədəniyyətinə təsir göstərib.

Hazırda gördüyüm qədərilə, İçərişəhər Ərbil Qalasından fərqli olaraq yaşayış məkanı olaraq qalır. Orada insanlar yaşayır. Hazırda 22 hektarlıq ərazidə 3 mindən çox sakin yaşayır.

Bizim idarəetmədə bəlkə də ən əsas prioritetlərdən biri şəhərin canlı qalmasını təmin etməkdir. Yəni, İçərişəhərin sadəcə açıq hava muzeyinə çevrilməsinə imkan verməmək və onun yalnız turistlər üçün dekorasiya olmamasını təmin etmək. Bu, bizim üçün əsas məsələdir.

Amma eyni zamanda başa düşürük ki, tarixi şəhər yaşamalı, mövcudluğunu davam etdirməlidir və bunun üçün iqtisadi fəaliyyətin də orada olması vacibdir. Məhz buna görə paralel şəkildə turizmin inkişafı üzərində işləyirik, muzeylərin inkişafına diqqət yetiririk və turistlərin İçərişəhərdə keçirdiyi vaxtın maraqlı və unudulmaz olmasına çalışırıq.

Düşünürəm ki, bizim üçün və ümumilikdə bütün tarixi şəhərlər üçün əsas məqsəd bu iki məsələ arasında balans yaratmaqdır – kommersiyalaşma ilə şəhərin canlılığını qorumaq arasında”.

Seçilən
19
teleqraf.com

1Mənbələr