AZ

Qarabağda yenidənqurma və mina bəlası: WUF13-dən gözləntilər

“Azərbaycan torpaqları 30 ildən artıq müddətdə işğal altında qalıb. Bu müddət ərzində ərazilər Ermənistan tərəfindən həm mina, həm də partlamamış hərbi sursatlarla ciddi şəkildə çirkləndirilib. Verilən məlumatlara görə, ərazidə bir milyon yarımdan artıq mina və partlamamış hərbi sursat mövcuddur”.

Bu fikirləri “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri, Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu şəhərsalmada minaların yaratdığı maneələrdən danışarkən Bakıvaxtı.az-a deyib:

“Ona görə də işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış”, yəni böyük köçürülmə prosesi üçün əsas maneələrdən biri məhz mina və partlamamış hərbi sursatlardır. ANAMA, Fövqəladə Hallar, Daxili İşlər, Müdafiə nazirlikləri və digər dövlət qurumları ərazilərdə mina təmizləmə fəaliyyətlərini davam etdirirlər”.

Rey Kərimoğlunun sözlərinə görə, bununla belə, bu işlərə paralel olaraq ərazilərdə genişmiqyaslı infrastruktur layihələri də həyata keçirilir. Yollar çəkilir, işıq, su və digər kommunikasiya xətləri bərpa olunur, körpülər və tunellər salınır, eyni zamanda yaşayış evləri və binalar inşa edilir. Lakin mina problemi bu prosesə ciddi maneə yaradır və işlərin sürətini azaldır:

“Bugünkü tədbirin əhəmiyyəti həm də ondan ibarətdir ki, sahə üzrə böyük təcrübəyə malik dövlətlərin və mütəxəssislərin iştirakı təmin olunur. Biz də vətəndaş cəmiyyəti nümayəndələri olaraq onlarla fikir mübadiləsi aparırıq. Dövlət qurumları da bu prosesdə fəal şəkildə iştirak edirlər”.

Müsahibimizin fikrincə, ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumu Qarabağa qayıdış prosesində, mina probleminin aradan qaldırılmasında və ümumilikdə bərpa işlərinin sürətlənməsində öz töhfəsini verəcək. O qeyd edib ki, bu baxımdan tədbirin əhəmiyyəti böyükdür.

Zeynəb Rzayeva

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr