Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Neyroşəhərsalma: Şəhərlər beynin formalaşmasına, davranışa və psixi rifaha necə təsir edir?” adlı panel təşkil olunub.
AZƏRTAC xəbər verir ki, panel şəhərsalma, memarlıq, neyroelm və ictimai siyasətin birlikdə şəhər mühitində insanların rifahına, davranışına, stress səviyyəsinə və sosial qarşılıqlı əlaqələrinə necə təsir göstərdiyini araşdırıb.
Paneldə ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və ərazilərin inkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova, klinik psixoloq, psixoterapevt, Azərbaycan Universitetində neyrobiologiya üzrə müəllim Fidan Seyidbəyli-Əmrahlı, memar, şəhər mühiti üzrə tədqiqatçı və planlaşdırıcı, “Cəlbedicilik Memarlığı” metodologiyasının müəllifi Nani Jgenti, Azərbaycan Memarlar İttifaqının Gənc Memarlar və Tələbələr Birliyinin prezidenti, memar və şəhərsalma mütəxəssisi Elin Baylarov çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər.
Natiqlər şəhərlərin insanın düşüncə tərzinə, emosiyalarına və davranışına təsir göstərdiyini, şəhərlərinin inkişafı üçün multidissiplinar əməkdaşlıq zəruri şərtə çevrildiyini və digər mövzuları müzakirə ediblər.
Panelin yekun qənaətinə görə, şəhərlər təkcə infrastruktur və mobilliyə deyil, insanların düşüncə tərzinə, emosiyalarına, davranışına və sosial rifahına da təsir göstərir. Eyni zamanda vurğulanıb ki, gələcəyin şəhərlərinin formalaşdırılması memarlıq, şəhərsalma, psixologiya, ictimai siyasət və neyroelm sahələri arasında daha güclü inteqrasiyanı zəruri edir.
Müxbir - Fidan Əlizadə
Fotoqraf - Aydın Oktayoğlu


Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.