Bakı, 21 may, AZƏRTAC
Azərbaycana və onun şəhərsalma modelinə nəzər saldıqda, bizim üçün öyrəniləsi çox məqamlar var. Hesab edirəm ki, mənim ölkəm Bakıdan ekoloji idarəetmə, şəhərlərdə yaşıl dəhlizlərin salınması, modern şəhər menecmenti və dövlət xidmətlərində "bir pəncərə" sisteminin tətbiqi kimi mütərəqqi təcrübələri örnək götürə bilər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Efiopiya üzrə ölkə ofisinin nümayəndəsi Balay Qaroma deyib.
O bildirib ki, paytaxt Əddis-Əbəbənin şəhər rəhbərliyi də məhz bu uğurlu layihələri yerində öyrənmək və geri qayıtdıqda ölkəmizdə tətbiq etmək məqsədilə tədbirdə nümayəndə heyəti ilə təmsil olunur.
“Hazırda Əddis-Əbəbədə Bakının və bütövlükdə Azərbaycanın marağına səbəb ola biləcək irimiqyaslı infrastruktur layihələri icra edilir. Ölkəmizdə şəhər strukturlarının modernləşdirilməsi və dəhlizlərin yenidən qurulması prosesi böyük ölçüdə Dövlət-Özəl Tərəfdaşlığı (PPP - Public-Private Partnership) modeli əsasında həyata keçirilir", - deyə B.Qaroma əlavə edib.