Şəhərlərin inkişaf göstəricilərinə dair təqdimat zamanı paytaxt Bakı bir sıra mühüm indikatorlar üzrə müsbət nəticələr nümayiş etdirib.
APA xəbər verir ki, bunu Bakıdakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dəyişiklik üçün tikilib: Şəhərlər gələcək uğrunda necə rəqabət aparır?" mövzusunda müzakirə zamanı “Boston Consulting Group" qlobal konsaltinq şirkətinin nümayəndəsi Yekaterina Şapoçka deyib.
O bildirib ki, şəhərlərin inkişaf səviyyəsi dəyişimin sürəti, iqtisadi imkanlar, yaşayış üçün əlverişlilik və sosial göstəricilər əsasında qiymətləndirilib:
“Bakı dəyişimin ümumi sürət göstəricisi üzrə yüksək nəticə əldə edərək dördüncü kvintildə qərarlaşıb. Təqdimatçılar bunu şəhərdə həyata keçirilən transformasiya və inkişaf proseslərinin göstəricisi kimi qiymətləndiriblər.
Qeyd olunub ki, yaşayış üçün əlverişlilik istiqamətində də Bakı yüksək nəticələr göstərərək ən yüksək kvintilə yaxın mövqe tutub. Bu isə şəhərin infrastruktur və yaşayış şəraitinin inkişaf səviyyəsini əks etdirir.
Təqdimat zamanı gəlir-bərabərlik paradoksuna da diqqət çəkilib. Bildirilib ki, ABŞ şəhərlərində gəlir səviyyəsi daha yüksək olsa da, gəlir bərabərsizliyi də daha yüksəkdir. Avropa şəhərlərində isə gəlirlər nisbətən aşağı olsa da, gəlirlərin bölgüsü daha balanslı xarakter daşıyır.