AZ

"İnsanlar və hökumətlər nəticə verən təşəbbüslərə ehtiyac duyurlar"

BAKI, 21 may. TELEQRAF

“Su, sanitariya və təhsil xidmətlərinə çıxışın məhdud olması qərarvermə proseslərindən kənarda qalmağa, xüsusilə qadın və qızlar üçün gender əsaslı zorakılıq riski daxil olmaqla daha ağır sosial çətinliklərə səbəb olur”.

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Sürətlə Urbanizasiya Edilən Qlobal Cənub üçün İnnovativ Tərəfdaşlıqlar və Həllər” adlı sessiyada
BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib deyib.

O bildirib ki, 2030 gündəliyinin hədəf tarixinə cəmi dörd il qalmış bəşəriyyət misli görünməmiş çağırışlarla üz-üzədir:

“İqlim dəyişikliyi, təbii fəlakətlər, münaqişələr və qeyri-sabitlik iqtisadiyyatlara və cəmiyyətlərə, xüsusilə də qlobal ÜDM-in təxminən 80 faizini formalaşdıran şəhərlərə artan təzyiq göstərir. Bu baxımdan şəhər inkişafının əsas elementi olan mənzil məsələsinə diqqət daha da aktuallaşır. Bu problemlər qlobal xarakter daşısa da, xüsusilə Qlobal Cənub ölkələrində daha kəskin hiss olunur. 2050-ci ilə qədər şəhər əhalisinin artımının təxminən 90 faizi Afrika və Asiyada baş verəcək. Hazırda qeyri-formal yaşayış məntəqələrində yaşayan insanların təxminən 80 faizi yaxın onilliklərdə sürətli urbanizasiya gözlənilən regionların payına düşür”.

Baş direktor vurğulayıb ki, Qlobal Cənubda qeyri-formal məskunlaşma ərazilərində yaşayan hər üç nəfərdən biri daşqın riski yüksək olan zonalarda yaşayır və iqlimlə bağlı fəlakətlərə daha çox məruz qalır:

“Yoxsulluq insanların seçim imkanlarını məhdudlaşdırır və bir çoxunun başqa yaşayış alternativi olmur. Eyni zamanda hər həftə 1,5 milyon insan daha yaxşı imkanlar axtarışı ilə şəhərlərə köçür. Onların harada yaşayacağı gələcək həyat perspektivlərini müəyyənləşdirəcək. Buna görə də inkişaf dəstəyi Qlobal Cənub ölkələrinin reallıqlarına uyğun, praktikada sınaqdan keçmiş və yerli problemlərə uyğunlaşdırıla bilən həllər təqdim etməlidir. İnsanlar və hökumətlər uzunmüddətli pilot layihələr deyil, qısa müddətdə nəticə verən təşəbbüslərə ehtiyac duyurlar. Onlara oxşar şəraitdə uğur qazanmış və bu reallıqları yaxından anlayan tərəflər tərəfindən hazırlanmış həllər lazımdır. Məhz bu, Cənub-Cənub və üçtərəfli əməkdaşlığın əsas dəyəridir.
İnkişaf problemləri ciddi olsa da, Qlobal Cənub ölkələrinin bir çoxu dünyanın ən dinamik iqtisadiyyatları sırasındadır. Vaxtilə əsasən yardım alan ölkələr kimi qəbul edilən dövlətlər artıq regional və qlobal səviyyədə təcrübə, innovasiya və liderlik təqdim edən mühüm inkişaf tərəfdaşlarına çevrilirlər. Ev sahibi Azərbaycan da bu dəyişən mənzərənin nümunəsidir”.

Seçilən
33
teleqraf.com

1Mənbələr