AZ

“Diplomatın Nitqi” layihəsində müasir diplomatiyanın çağırışları müzakirə edilib

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə həyata keçirilən “Diplomatın Nitqi” layihəsinin ikinci görüşü uğurla baş tutub. Gənclərin nitq, liderlik və diplomatik ünsiyyət bacarıqlarının inkişafına yönəlmiş layihə çərçivəsində keçirilən panel müzakirəsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

“Sözün gücü: müasir diplomatiyanın fürsət və çətinlikləri” mövzusuna həsr olunan paneldə diplomatiyada strateji kommunikasiya, informasiya müharibələri, beynəlxalq münasibətlərdə ictimai diplomatiyanın rolu, effektiv çıxış bacarıqları və müasir çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tədbiri açılış nitqi ilə universitetin rektoru Elçin Babayev açaraq layihənin əhəmiyyətini vurğulayıb. O bildirib ki, BDU tələbələrinin bu kimi təşəbbüslərdə fəal iştirakı onların bilik və bacarıqlarının inkişafı baxımından mühüm rol oynayır. Rektor layihənin gələcəkdə daha geniş auditoriyanı əhatə edəcəyinə və tələbələrin şəxsi inkişafına töhfə verəcəyinə inandığını qeyd edib.

Paneldə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Hicran Hüseynova, Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Şahin İsmayılov, millət vəkilləri Nigar Məmmədova və Rizvan Nəbiyev, Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri, Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli iştirak ediblər.

Çıxış edən qonaqlar diplomatiyada sözün və ünsiyyətin strateji əhəmiyyətindən danışaraq gənclərlə öz peşəkar təcrübələrini bölüşüblər. Panel interaktiv müzakirələr və tələbələrin sualları ilə davam edib.

Qeyd edək ki, “Diplomatın Nitqi” layihəsi gələcəyin diplomatı, politoloqu və dövlət idarəçisi olmaq istəyən gənclər üçün praktiki inkişaf platforması kimi fəaliyyət göstərir. Layihə çərçivəsində iştirakçılar bədən dili, auditoriya idarəçiliyi, diplomatik protokol və peşəkar kommunikasiya üzrə praktik biliklər əldə edirlər.

3 həftəlik intensiv marafon formatında təşkil olunan proqram sahənin peşəkar mütəxəssisləri — Eldar Cəfərov, Bahar Hüseyn, Aytən Qurbanova və Hüseyn Bağırovin iştirakı ilə keçirilib. Təlim proqramını uğurla başa vuran iştirakçılara fəxri sertifikatlar və mükafatlar təqdim olunub.


Seçilən
23
news365.az

1Mənbələr