Olaylar.az xəbər verir ki, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Urban Expo"nun Azərbaycan pavilyonunda "Urbisiddən Münaqişə Sonrası Yenidənqurmaya Gedən Yol" adlı tədbirdə deyib.
M.Məmmədov bildirib ki, lakin son 30 il ərzində bütün çətinliklərə baxmayaraq, Azərbaycan öz tarixi və mədəni irsinin qorunmasını daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi saxlayıb:
"İnsanların öz doğma evlərinə qayıtması yalnız humanitar məsələ deyil, həm də iqtisadi və sosial inkişafın vacib bir hissəsidir. Bu, xüsusilə post-münaqişə əraziləri üçün daha böyük əhəmiyyət daşıyır".
Xüsusi nümayəndə vurğulayıb ki, həmin bölgələrdə yenidənqurma və bərpa işləri olduqca vacibdir:
"Buraya fiziki infrastrukturun yenidən qurulması, yaşayış şəraitinin bərpası və uzunmüddətli sabitliyin təmin edilməsi daxildir. Eyni zamanda davamlı şəhər inkişafı, effektiv idarəetmə və vətəndaş rifahı kimi prioritet istiqamətlərlə bağlı müzakirələr də aparılır".
O əlavə edib ki, bu gün genişmiqyaslı infrastruktur layihələri aktiv şəkildə həyata keçirilir:
"Yeni yaşayış məntəqələri salınır və onların ətrafında məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin yaradılmasına xüsusi diqqət yetirilir. Ən vacib məqam isə odur ki, bu gün gördüyümüz proses yalnız şəhərlərin tikilməsi deyil. Bu, həm də qayıdış və yenidən bağların qurulması prosesidir. İnsanlar öz evləri, icmaları və mədəni kökləri ilə yenidən əlaqə yaradırlar".
M.Məmmədov qeyd edib ki, Azərbaycan müasir və davamlı inkişaf edən bir ölkədir.
"Bu isə beynəlxalq tədbirlərin keçirilməsi və qlobal tərəfdaşlarla əməkdaşlığın gücləndirilməsi üçün yeni imkanlar yaradır. Eyni zamanda, qlobal dəyişikliklər bizə yalnız mövcud problemlərə deyil, uzunmüddətli davamlı inkişaf perspektivlərinə də diqqət yetirməyə imkan verir. Bütün bunlar daha davamlı gələcəyin qurulması istiqamətində atılan mühüm addımlardan biridir və bu sahədə fəal çalışmağım üçün mənə əlavə motivasiya verir", - deyə o fikrini tamamlayıb.