İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir saxlanılan Fələstin tərəfdarı fəalların əlləri bağlı şəkildə diz çökdüyünü göstərən video paylaşıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, videoda Qəzza zolağına humanitar yardım çatdırmağa çalışdıqları bildirilən "Sumud donanması" üzvləri göstərilir. Saxlanılanlar dizləri üstə, əlləri bağlı və başları aşağı əyilmiş vəziyyətdədirlər.
“Onlar buraya böyük qəhrəmanlar kimi qürurla gəliblər. İndi onlara baxın. Onlar qəhrəman deyillər, heç nə deyillər. Onlar terrorun tərəfdarlarıdır. İsrailə xoş gəlmisiniz. Burada ağa bizik", - deyə milli təhlükəsizlik naziri Ben-Qvir bildirib.
Nəşr İsrailin özündə kəskin reaksiyaya səbəb olub. Baş nazir Benyamin Netanyahu və ölkənin xarici işlər naziri videonu tənqid edərək onu "utancverici tamaşa" adlandırıblar.
İtaliya, İspaniya, Böyük Britaniya, Fransa, İrlandiya və Türkiyə də bu videoya etiraz bildirərək, onun yayılmasını pisləyib. Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas fəallara qarşı rəftarın "demokratik dövlət üçün alçaldıcı və qəbuledilməz" olduğunu bildirib.
Musavat.com