AZ

​Xamenei müəmması:

İran-İsrail müharibəsinin başa çatmasından həftələr keçsə də, İranın yeni ali lideri Müctəba Xameneinin hələ də ictimaiyyət qarşısına çıxmaması ciddi suallar doğurur. Tehran rəsmiləri onun “təhlükəsizlik səbəbilə gizli məkanda” olduğunu desələr də, həm İran mediasında, həm də Qərb nəşrlərində müxtəlif ehtimallar səslənir. Xüsusilə onun səhhəti, hakimiyyət daxilindəki qüvvələr balansı və SEPAH-ın rolu ətrafında müzakirələr son genlər yenidən aktuallaşıb. Metbuat.az xəbər verir ki, İran mediasına yaxın bəzi mənbələr Müctəba Xameneinin müharibə dövründə mümkün sui-qəsd təhlükəsinə görə ciddi mühafizə altında olduğunu bildirir. Xarici medianın yazdığına görə isə o, müharibə zamanı baş verən hücumlardan sonra yaralanıb və hazırda məhdud sahələr üzrə fəaliyyət göstərir. “Financial Times” yazır ki, İran hakimiyyəti onun sağ və idarəetmədə olduğunu göstərmək üçün vaxtaşırı dolayı mesajlar yayır, lakin ictimaiyyət qarşısına çıxmaması şayiələri daha da artırır. Bəzi analitiklər hesab edir ki, əsas səbəb təhlükəsizlik deyil, hakimiyyət daxilindəki parçalanmadır. “Iran International” nəşri yazır ki, Müctəba Xameneinin görünməməsi əslində SEPAH-ın ölkədə real idarəetməni tam nəzarətə götürdüyü barədə iddiaları gücləndirib. ABŞ və digər Qərb mediasında yayılan təhlillərdə də qeyd olunur ki, İran daxilində qərarların artıq bir nəfərdən deyil, təhlükəsizlik dairələrindən gəldiyi düşüncəsi formalaşır. Müctəba Xameneinin ali lider postuna gətirilməsi əvvəldən də mübahisəli idi. Çünki İran İslam İnqilabı monarxiyaya qarşı baş versə də, hakimiyyətin atadan oğula keçməsi ölkə daxilində “siyasi irsiyyət” tənqidlərini artırıb. Bir çox beynəlxalq nəşrlər yazır ki, onun legitimliyi İran cəmiyyətinin müəyyən kəsimi tərəfindən qəbul edilmir və məhz buna görə Tehran hələ də yeni liderin açıq görüntülərini ehtiyatla təqdim edir. Tehranda bəzi dairələr hesab edirlər ki, ölkəni Müctəba Xamenei idarə etmir, sadəcə, hakimiyyət simvolik lider obrazını qorumağa çalışır. Hazırda bir sual dəyişməz qalır: İranı həqiqətən Müctəba Xamenei idarə edir, yoxsa ölkə artıq kölgədə fəaliyyət göstərən hərbi-siyasi mərkəzin nəzarətinə keçib? Son vaxtlar okeanın o tayından tutmuş bu tayına kimi hamı bu sual ətrafında baş sındırır...

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
18
metbuat.az

1Mənbələr