Mayın 21-də Almatıda türk xalqlarının elmi inkişafında mühüm mərhələyə çevrilən tarixi forumun 100 illiyinə həsr olunan "Birinci Bakı Türkoloji Qurultayının İrsi və 21-ci əsrdə Türk Dünyası" adlı beynəlxalq simpoziumun açılışı olub.
Beynəlxalq tədbir Astanadakı Türk Akademiyasının təşəbbüsü ilə TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dilçilik Cəmiyyəti, Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti və Bakı Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Simpoziumda Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otarbayev, Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının prezidenti Axılbek Kurişbayev, eləcə də tanınmış alimlər və türk dünyasının intellektual ictimaiyyətinin nümayəndələri iştirak edirlər.
Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev forumu açaraq bildirib ki, 1926-cı ildə keçirilən Birinci Bakı Türkoloji Qurultayının təkcə elmi tədbir deyil, həm də türk dünyasından olan ziyalıları ortaq mədəni irs və ortaq gələcək ideyası ətrafında birləşdirən, türk kimliyini gücləndirən mühüm tarixi platforma olub.
Ş.Mustafayev deyib:“Bu gün türk dövlətləri arasında əməkdaşlıq yeni səviyyəyə çatır. Bu prosesdə türkologiya xüsusi rol oynayır və türk dünyasının ortaq elmi, mədəni və humanitar məkanının möhkəmlənməsinə töhfə verir. Bu gün bütün türk dünyasının, ziyalıların və elmi ictimaiyyətin əsas vəzifəsi qurultay iştirakçılarının irsini dirçəltmək və türk dövlətlərinin inkişafına, birliyinə və bütövlüyünə xidmət etməkdir”.
Simpozium çərçivəsində Türk Akademiyasının elmi nəşrlərinin, eləcə də Akademiya tərəfindən hazırlanmış, Birinci Türkoloji Qurultayın tarixini və irsini əks etdirən arxiv fotoşəkillərinin və materiallarının xüsusi sərgisi təşkil edilib.
Təqdim olunan əsərlər arasında altı türk dilində nəşr olunmuş “1926-cı il Bakı Türkoloji Qurultayının Albomu” da var. Nəşrdə tarixi qurultayın 131 nümayəndəsi haqqında məlumat yer alır.
Həmçinin rus və türk dillərində nəşr olunmuş və qurultayın tarixi kontekstini və əhəmiyyətini ortaya qoyan nadir arxiv materiallarına əsaslanan “1926-cı il Bakı Türkoloji Qurultayının Arxiv Sənədləri” kitabı da təqdim olunur.
İki gün ərzində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistandan olan alimlər Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini, XXI əsrdə türkologiyanın inkişafını, ortaq terminologiya, əlifba, mədəni irs məsələlərini və türk dünyasının elmi inteqrasiyası perspektivlərini müzakirə edəcəklər.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Almatı