AZ

İşıqdan işığa yol gedir insan Sabir Rüstəmxanlının şeirləri

Adelet.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Adalet.az Xalq şairi Sabir Rüstəmxanlının şeirlərini təqdim edir:

***

Sirr verdi – alıb qaçdım.

Söz verdi – ürək açdım.

Ömrüm bir adlamacdı

Torpaqdan Tanrıyacan.Bitirib hər əzabı

Əcəl köhləni çapır

Ölüm – sonuncu qapı

Yoluma çıxar haçan?Göydən gəlir bu yazı,

Yazı yox, haqq duası.

Hər insan sirr boxçası

Biz qıfıl, Tanrı – açar.***

Nəfəsim gəlib gedir

Ağlım da başımdadır.

Bir yol var keçmişimdə,

Bir yol da qarşımdadır.Bir arzu gəlməyimdə,

Bir çarə ölməyimdə

Bir qisas gülməyimdə

Biri göz yaşımdadır.Gül yolu, çiçək yolu,

Göz yolu, ürək yolu

Var olmağın tək yolu

Sonsuz savaşımdadır.***

Bu dünyadan nə götürdüm,

Nə axtardım, nələr gördüm.

Hər sevincin finalında

Qüssə gördüm, kədər gördüm.Səhnədəki tamaşalar

Bilmədim necə oynanır.

Komediya dəbdən düşüb

Təkcə faciə oynanır.Neçə-neçə dərs içində

Çətin həyatı öyrəndim.

Hamı tənlik, intiqral,

Mənsə Saatı öyrəndim.ZAMAN MƏNDƏN KEÇİRZaman məndən keçir, keçir durulur

Ürəyim sehrli sevgi süzgəci,

Sevgi ürəyimdən keçir durulur.Günəşin işığı, ayın işığı

Qayğılı gözümdən keçib durulur.

Fikir burulğanı dağ çaylarıtək

Sıxılmış sözümdən keçib durulur.Nəyi saxlamadım, nəyi saxladım?-

Dəyir sınaqların zərbəsi mənə.

Keçirtdim tarixi əsəblərimdən,

Dünənlə sabahın körpüsü mənəm!Bitmişəm yer ilə göy arasında –

Bu birlik ilahi iradəsidir.

Kimsə eşitməyən nəğmələr keçir.

Ulduz pıçıltısı, duman səsidir.Keçir ürəyimdən millətin ruhu.

Bir üzü ucalıq, bir üzü qorxu.Min ilin qanıdır – içimdə diri,

Dünyada kim ölür? Yaddaşı itən!

Ürəyim bir qaçqın düşərgəsidi,

Keçir körpələrin göz yaşı məndən.Keçir qardaşların məğlubiyyəti,

Üç qitə yolunda ayağım yorğun.

Vətən güclüdürsə, ucadı bayraq,

Vətən çəkiləndə bayrağım yorğun...İlk nədi, son – ürəyim duyur.

Keçmişə yol alan köçürmüş məndən.

Zamana qoşulub bir ömür boyu

Tanrının özü də keçirmiş məndən.YOLGecə qaranlığında

işıqdan-işığa yol gedir insan.

Tarix qaranlığında

dahidən-dahiyə...

Ömür qaranlığında

bəndədən İlahiyə!

Hansı mənzilə varsan

ən kəsə yoldu düzlük.

Bir ucu ölümdürsə,

bir ucu ölümsüzlük...BOYASIZ MİSRALARTaxıl bir sapın üstə

dən tutub sünbül olur.Ləçəklər bir-birinə

sarılaraq gül olur.Əsintilər birləşib

rüzgar olur, yel olur.Bulaqlar bir məcrada

qovuşanda sel olur.Kəlmə kəlmə dalınca

düzüləndə dil olur.Barmaqlar bir pəncədə

birləşəndə əl olur.İnsanlar bir qədəri

paylaşanda el olur.Millət şərə əyilsə

alışmadan kül olur.YOL BİTƏNDƏTanrı bizi yollar üçün yaradıb,

Yol bitəndə - köy çəkəcək özünə.Sevincimiz meyxanada paylanır,

Qəmimizi ney çəkəcək özünə.Məlik olsun, kral olsun, şah olsun

Könlümüzü bəy çəkəcək özünə.Elçiləri Tanrısını unuduan

Bir toplumu mey çəkəcək özünə.Korumuzdu uçuruma can atan

Karımızı küy çəkəcək özünə!Allah susur, ancaq Şeytan işində

Min hiyləylə hey çəkəcək özünə!Nə yaxşı ki, torpaq bizi udanda

Ruhumuzu göy çəkəcək özünə!DOĞRUGün günə, ay aya calanıb gedir

Fəsillər dırmaşır ilimə doğru

Zirvəni bir gündə fəth eləyir qış

Sonra hücum çəkir telimə doğru.Necə çiçəkləyək üstümüz qardı

Necə qanad çalaq bu qəfəs dardı.

Bütün xoşbəxtliklər yaşananlardı

Qalanlar hamısı zülümə doğru.Əl açıb yalvaraq ötən çağlara

Gücümüz çatmaz ayrılıqlara

Payız sarılığı çəkmiş bağlara

Xəzan sürünür gülümə doğru.Soyuq yuvasında üşüyən sərçəm

……. Sevgilim, ocağım, bircəm

Yenə də uzandı bu sənsiz gecəm

Yenə də bir addım ölümə doğru.ÜRƏK YERİNƏSəni Allahımın əlindən alıb

Asaram sinəmdən ürək yerinə.

Bu eşq soyumasın deyərəm heç vaxt

Yazsan günahımı mələk yerinə…Mənim nəfəsinə ehtiyacım var,

Əssin dan yerindən külək yerinə

Dolsun gözlərimə Ay işığı tək

Qoxlayım sübhədək çiçək yerinə…Yanğımı soyudan sərin suyumsan,

Ya da bərəkətim – çörək yerinə,

Daha taleyindən danışma mənə,

Toxunma qəlbimin kövrək yerinə!SON SALAMIMBircə sənəti var – insan alveri

Əritdi ömrümü zaman mum kimi.

Dağlar üyüdüldü bu dəyirmanda –

Dəni una döndü, daşı qum kimi.Bilmirəm doğmadı, bilmirəm yaddı,

Ömrümü sınaqdan sınağa atdı,

Ən uzun yolları beş-altı addım,

Ən uzun sevgisi – bir udum kimi.Nə ev istəyirəm, nə də ki hörgü,

Onsuz da bitəcək bu qısa sürgün

Ölüm xəbərimi eşitsən bir gün

Onu qəbul elə salamım kimi!SON YOLUMGöz açıb-yumunca ötüb keçdi yaz,

İldırım həyatı bir anlığadır.

Sevilmək, atılmaq bahar rüzgarı,

Onun da qınağı cavanlığadır.Bir əli böyüdür, bir əli kəsir,

Ruhu azadsa da, iştahı - əsir,

İnsan keçmişini torpaqda gəzir,

Bilmir sabahı da viranlıqdadır.Yaşamaq nağılı - tale oyunu,

İlki doğuldusa gələcək sonu,

Mən işıq söylədim ömrüm uzunu

Yenə də qazancım qaranlığadır...SƏNİ VƏTƏNƏ BƏNZƏDİRƏMSəni səhərin açılmasına bənzədirəm,

Yanağında dan yerinin allığı,

Səsində günəşi qarşılayan quşların fərəh zənguləsi,

Gülüşündə yeni həyat kimi başlanan

Yeni günün

dərdlərimə dərman olacağı inamı!Səni bahar leysanına bənzədirəm,

Üzümün qırışlarını yusun, titrətsin təşnə ürəyimi...

Quruyan çöllərimə gül toxumu kimi səpilsin.

Və dünyanı çiçək qanadlarında göyə qaldırsın!Səni rüzgara bənzədirəm!

Ölü duyğuların üstündən tanrı nəfəsi kimi əsən,

Ruhumun hər guşəsinə çatan

və mənə ölümsüzlüyü xatırladan!Səni hələ keçmədiyim yola bənzədirəm!

Həm tale yazısından gələn, həm də ümid kimi öndə

Və ayaqlarıma qüvvət.Səni vətənə bənzədirəm!

Hara getsəm, döndüyüm!

Səni şeirimə bənzədirəm!

Məni duyduğuna öyündüyüm!Səni səbrimə bənzədirəm!

Onunla bir möcüzə yaratdığımdan...

Səni qəbrimə bənzədirəm!

Qoynunda rahat yatdığımdan!AD GÜNÜMBəlkə min il yaşlı, on min il yaşlı

Sirli bir mahnının ardınca bu gün.

Dağlara gəlmişəm yalqız, kimsəsiz

Öz doğum günümü qutlamaq üçün!Ürək oxuyanın işləri müşkül,

Gözlərdə göz alan dərinlik qalmır.

Onsuz da seyrəlir dost məclisləri,

Sözlərdə əvvəlki şirinlik qalmır.Tənha zirvələrlə verim baş-başa,

Məni onlar atdı burdan həyata.

Görüm ucaların halı necədi,

Dözə bilirlərmi bu gedişata!..Adımı köksünə həkk eləmişdim,

Bilmirəm ağrısı dərindədirmi?

Salam çinar qardaş, nəğməm darıxır,

Sənin mahnıların yerindədirmi?Əgər yerindəsə bir ağız oxu

Ya da sağlıq söylə köklər eşqinə,

Sən də badəyə dön, ay əlçim bulud

Qaldırım başıma göylər eşqinə!O göl qədəhini qaldır, qoca dağ,

Nuş elə, lap nəfəs kəsəsi olsun.

Mən ömrüm uzunu səni öymüşəm,

Sən də bir ağız de, əvəzi olsun!Bu meşə, bu çəmən, bu bulaq, bu yol,

Köhnə dostlərımdı məclisimdə cəm.

Şəhərin səhəri ayıltdı məni

Şəkər bulaqlardan keflənəcəyəm!Elə sehir var ki, bu ucalıqda

Ürəyi dəyişir, vaxtı çaşdırır.

Dağlar ad günümə hədiyyə kimi

Ruhumu yenidən cavanlaşdırır.***

Məsum təbəssümlə yanaşdın mənə.

Rəsmi salamlaşma.. adi iş idi.

Mən də qonaqlardan biriydim sanki,

Nəzakət xətrinə bir görüş idi.Nəyi gizlədəcək ancaq pərdələr

Sinəni gizlicə dağıdır ürək.

Mənə sarılmaqdan qorxaraq sanki

Ərinin qolundan tutmuşdun bərk-bərk.Bəlkə yanılıram soyuyub hər şey

Yanında dayanan sənə əzizdi.

Onsuz da xatirə sahil qumudu

Yuyulur, insanlar hafisəsizdi.Görünür belədir Allahın hökmü

Ayrılıq dönməsin əbədi yasa.

Necə yaşayardı insan dünyada

Vurulan yaralar tez sağalmasa.«Sənsiz yaşamaram!» deyərdin mənə,

Dodağın qopmurdu dodaqlarımdan.

O şirin sözlərin quş olub uçmuş

O eşq vulkanını soyutmuş zaman.Bəlkə doğrudan da heç yaşamırsan

Alışmaz bu ocaq min yol üfləsən

Bəlkə minillərin ardından gələn

Gözəl mumiyasan ortada gəzən.SƏNİN GÖZLƏRİNLƏ…Yanıram dünyanın dərdi-sərinə

Sevincə ikiqat qaynayır qanım.

İndi mən dünyaya Sənin yerinə,

Sənin gözlərinlə baxıram, canım!Dörd gözlə baxıram gözəlliklərə,

Görürəm çəmənlər çiçək-çiçəkdir.

Sənin həvəsinlə gurlayır göylər,

Yağış da Səninçün töküləcəkdir.Bezmişdim millətin çal-çağırından,

Uyusam – günüm yox, vərəq ağ keçir.

İndisə könlümdən bulağa, quşa,

Küləyə qoşulub oxumaq keçir.Ax, necə gözəldir belə yaşamaq –

Yazın yaşılına qovuşan xəzan.

Sənin ilhamınla susmaz qələmim,

Sənin qanadınla kimdir uduzan…Allah tapşırıqla göndərdi Səni,

İcazə sormadan qəlbimə girdin,

Şeytan ürəklərə pislik əkəndə

Dünyanı səssizcə gözəlləşdirdin.Mənim təmənnasız yanan günəşim,

Ətriylə ömrümü dolduran çiçək,

Bir sevgi zirvəsi vermisən mənə,

Həm də o zirvəyə qalxmağa ürək!SAĞ OL, ANA DİLİMYollarım sınandı yad ölkələrdə,

Neçə yad dodaqda səsləndi adım.

Sağ ol, ana dilim, məni heç yerdə

Köməksiz qoymadın, yalqız qoymadın.Barmağım altında düymə fırlanır,

Londonla, Parislə yanaşı Bakı…

Doğma sözlər üçün darıxan hanı?

Deyin qoy dinləsin: "Danışır Bakı!"Danışır, açılır ömrün baharı,

Dünyaya mən onun qoynundan uçdum.

Mənim ürəyimin antenaları

Gözəl Azərbaycan dilinə tuşdu.Döyüşdə qılınc tək sıyrıldı qından,

Başımın üstündə bayrağım oldu.

Torpağım ikiyə bölünən zaman

Bu dil bölünməyən torpağım oldu.Utansın tarixə dəllallıq edən,

Tarix qapısına açar sözlər var.

Pərdəni qaldırsan, beş-on kəlmədən

Qondarma cildlər tar-mar olar.Bu dildə sevincim, qəmim, kədərim

Təzə ümidlərə açılan səhər.

Bu dilin reaktiv təyyarələri

Araz sərhəddini qıran kəlmələr.İpək nəğmələrim gülləbatmazdı,

Qolunu qandalla bağlamaq olmaz.

Bu taydan o taya arxayın keçən,

O taydan bu taya arxayın keçənDilin sənədini yoxlamaq olmaz,

Sevginin yolunu saxlamaq olmaz!

Sağ ol, ana dilim, ana öyüdüm,

Füzuli eşqindən divanə dilim.Ürəyim başına nəfəs dərmədən

Fırlanıb kül olan pərvanə dilim.

Hanı Xanım çaylar, hanı bəy göllər,

Dillərdə cücərən yurdun izidir.Yüz yol yaralanmış doğma kəlmələr

Xalqımın döyüşlər xəritəsidir.

Ala dağ, Qara dağ…di seç, di ayır,

Dağları basılmaz ordum sanmışam.Harda bircə kəlmə sözüm yaşayır,

Oranı halalca yurdum sanmışam.

Üstünə yüyürdü Quran dilləri,

Peyğəmbər dilləri, qanun dilləri…Qapılar dalında qoydular səni,

Haqq dedin, dabandan soydular səni,

Ancaq məhv olmadın, anam, can dilim,

Ordular sarsıdan qəhrəman dilim!Ömrüm qırılmazdı, yol qırılsa da,

Səninlə həmişə mən üzüağam.

Bədənim torpağa tapşırılsa da,

Ruhumu mən sənə tapşıracağamŞEİR MƏZARIGünəşlə, işıqla, səhərlə birgə

Doğulur ömrümə hər gün bir şeir.

Bəlkə də göylərdən əl üzdüyündən,

Mənim ürəyimə sürgün bir şeir.O daim tələsir, o daim yanır

İnanır nəyinsə bitəcəyinə.

Dilimdən qopantək bir yol başlayıb,

Əsl ünvanına yetəcəyinə.Özüm də bilmirəm niyə doğuldum,

Bəlkə ilahidən bir səsdir ömrüm.

Bəlkə mən özüm də sürgün yeriyəm

Bülbül nəğmələrə qəfəsdir ömrüm.Şeirin də taleyi bir sirrə bağlı,

Biri günahkardı, izləyəni var.

Bu boyda dünyada yer tapmır biri,

Birinin yüz evdə gözləyəni var.Birinin firkimdə yetişdi sonu,

Biri deyilməmiş sonunu bəklər.

Biri də dilimin ucunda yanır,

Qorxur ki söyləsəm, öldürəcəklər.Bizim başımıza nırx qoyanların,

Başının üstündə ucalır sözüm.

Ya da ki boğulur öz qəfəsində,

Dilimə gəlmədən qocalır sözüm.Bir gün bağlananda zindan qapısı,

Mənim öz cəzam da yetəndə başa.

Yaza bilmədiyim şeirlərimə,

Bir məzar qazılsın qəbrimlə qoşa.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
adalet.az

1Mənbələr