İran Ali dini lideri Əli Xameneyinin adından yayılan zənginləşdirilmiş uranın ölkədən çıxarılması tələbini qəti şəkildə rədd edilməsi ilə bağlı açıqlamadan sonra dünya bazarında neft qiymətləri yenidən yüksəlib.
VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ ilə aparılan danışıqlarda əsas mübahisə mövzularından biri hesab olunan zənginləşdirilmiş uranın ölkə daxilində saxlanılması ilə bağlı Tehranın sərt mövqeyi bazarlarda gərginliyi artırıb.
Donald Trampın bir gün əvvəl İranla danışıqların “son mərhələyə” yaxınlaşdığını bildirməsindən sonra əvvəlki sessiyada 5,6 faiz ucuzlaşan “Brent” markalı neft bu gün yenidən bahalaşıb.
“Reuters” agentliyinin məlumatına görə, Xameneyinin adından yayılan açıqlamalardan sonra “Brent” 2 faiz yüksələrək 107 dolları ötüb.
Agentlik yazır ki, Tehran zənginləşdirilmiş uranın xaricə göndərilməsinin ölkəni ABŞ və İsrailin mümkün hücumları qarşısında daha müdafiəsiz vəziyyətə sala biləcəyindən ehtiyat edir.
Neft bazarında əsas diqqət yenə də Hörmüz boğazı ətrafında cəmlənib. Strateji keçidin açılması və ya bağlanması ilə bağlı ziddiyyətli məlumatlar qiymətlərdə ciddi dalğalanma yaradır.
Məlumata görə, müharibənin başladığı fevral ayından bəri neft qiymətləri 40 faizdən çox artıb.
“Energy Aspects” şirkətinin həmtəsisçisi və araşdırmalar direktoru Amrita Sen “Bloomberg TV”yə açıqlamasında tərəflərin ciddi güzəştlərə hazır görünmədiyini bildirib: “Bu direktiv də göstərir ki, ən azı yaxın müddətdə razılaşma ehtimalı görünmür”.
ADNOC rəhbəri Sultan Al Cabir isə bildirib ki, İranla bağlı böhran dərhal bitsə belə, Yaxın Şərqdən neft axınlarının tam bərpası 2027-ci ilin sonlarına qədər uzana bilər.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması qlobal enerji bazarı üçün ən ciddi təchizat böhranı hesab olunur.
Donald Tramp dünən jurnalistlərə açıqlamasında İran məsələsi ilə bağlı nələrin baş verəcəyini görəcəyik deyib.
ABŞ prezidenti bildirib ki, ya razılaşma əldə olunacaq, ya da xoş olmayan addımlar atılacaq. Tramp daha əvvəl də İranın Vaşinqtonun şərtlərini qəbul etməyəcəyi halda hərbi əməliyyatların yenidən başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.