AZ

Sığorta ilə birlikdə 1 nəfərin Tiflisə gedişi neçəyə başa gələcək?

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Bakıdan Tiflisə qatarla getmək istəyən sərnişin üçün ümumi xərc minimum 91 manat, maksimum isə 111 manat təşkil edəcək. Bu məbləğə 81 manatlıq qatar bileti və Gürcüstana giriş üçün tələb olunan 10-30 manatlıq icbari səfər sığortası daxildir.Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası quru sərhədlərinin bağlı olduğu dövrdə təyyarədən asılı qalan sərnişinlər üçün əla alternativdir. Sürətli qatarla birtərəfli gediş haqqı 81 manatdan başlayır. Beynəlxalq biletlərin qiymətinə qəza və baqaj itkisini əhatə edən minimal sərnişin sığortası daxil edilsə də, bu, Gürcüstana keçmək üçün bəs etmir.Qonşu ölkəyə daxil olmaq üçün mütləq ayrıca səfər sığortası alınmalıdır. Yerli sığorta şirkətlərində bu sığortanın qiyməti günlərin sayından və sərnişinin yaşından asılı olaraq 10-30 manat arasında dəyişir.Turizm eksperti Əziz Şiriyev mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, hazırda Bakıdan Gürcüstana yeni sürətli qatarlarla bir istiqamət üzrə gediş haqqı 81 manat təşkil edir:“Quru sərhədlər bağlı olduğu müddətdə vətəndaşlar və turistlər əsasən hava nəqliyyatından istifadə edirdilər. Bu baxımdan dəmir yolu əlaqəsinin yenidən bərpası həm alternativ, həm də daha sərfəli nəqliyyat vasitəsi kimi böyük maraq doğurur. Qatar reyslərinin fəaliyyətə başlaması turizm sektorunun inkişafına da ciddi təsir göstərə bilər. Azərbaycan vətəndaşlarının Gürcüstan və Türkiyə istiqamətində səfərləri daha rahat olacaq, eyni zamanda Qafqaz turu edən xarici turistlərin Gürcüstan vasitəsilə Azərbaycana gəlməsi üçün yeni imkan yaranacaq. Bu isə hotellərdən restoranlara, nəqliyyatdan bölgə turizminə qədər bir çox sahədə iqtisadi canlanmaya səbəb ola bilər. Bununla yanaşı, beynəlxalq sərnişin daşımalarında sığorta məsələsi də xüsusi önəm daşıyır. Adətən belə beynəlxalq qatar biletlərinin qiymətinə minimal sərnişin sığortası daxil edilir. Bu sığorta qəza, xəsarət və bəzi hallarda baqaj itkisi kimi riskləri əhatə edir. Lakin daha geniş təminat istəyən sərnişinlər əlavə səyahət sığortası da əldə edə bilərlər”.O qeyd edib ki, hazırda bazarda qısa müddətli səyahət sığortalarının qiyməti təxminən 10-30 manat arasında dəyişir:“Qiymət səyahətin müddətinə, yaşa, əhatə dairəsinə və sığorta şirkətinin təqdim etdiyi paketə görə fərqlənir. Məsələn, yalnız tibbi xərcləri əhatə edən paketlər daha ucuz olur, amma baqaj itkisi, reysin gecikməsi, fövqəladə tibbi yardım və digər riskləri əhatə edən paketlərdə qiymət daha yüksək ola bilir. Beynəlxalq qatar səfərlərinin artması ilə birlikdə sığorta xidmətlərinə tələbat da yüksələcək. Çünki turistlər artıq yalnız rahat və ucuz səfərə deyil, həm də təhlükəsizliyə üstünlük verirlər. Bu baxımdan, gələcəkdə dəmir yolu biletləri ilə birlikdə daha geniş sığorta paketlərinin təqdim olunması mümkündür. Ümumilikdə isə Bakı-Tbilisi dəmir yolu əlaqəsinin yenidən fəaliyyətə başlaması həm turizm, həm iqtisadiyyat, həm də regional əməkdaşlıq baxımından mühüm addım hesab edilir”.Qısası, uzun fasilədən sonra Bakı-Tbilisi qatarı yenidən fəaliyyətə başlayır, bilet 81 manatdır, lakin Gürcüstana keçmək üçün mütləq əlavə səyahət sığortası da alınmalıdır.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr