AZ

WUF13: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda panel yekunlaşıb  

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Cənub-Cənub və Üçbucaqlı Əməkdaşlıq vasitəsilə Təhlükəsiz və Dayanıqlı Şəhərlər və İcmaların Qurulması üzrə Regionlararası Dialoq: Qlobal Cənubun sürətlə urbanizasiya olunan ölkələri üçün innovativ tərəfdaşlıqlar və həllər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regional proqram şöbəsinin direktoru Patrick Canagasinghamın moderatorluğu ilə keçirilən tədbirdə müxtəlif ölkələrin nümayəndələri urbanizasiya, davamlı inkişaf və beynəlxalq tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

“United Nations Office for South-South Cooperation” təşkilatının direktoru Dima Al-Khatib qeyd edib ki, təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır, bir milyarddan çox insan isə gecəqondularda məskunlaşır. O, 300 milyondan çox insanın ümumiyyətlə sığınacaq evinin olmadığına diqqət çəkib.

Kolumbiyanın Azərbaycandakı səfiri Nelsi Rakel Munar Xaramiyon WUF13-ün fikir mübadiləsi aparmaq üçün ideal platforma olduğunu bildirib. Onun sözlərinə görə, bu məkan ölkələrimiz üçün fundamental əhəmiyyət kəsb edir.

Qananın işlər, mənzil və su resursları naziri Kenneth Gilbert Adjei Qlobal Cənub ölkələri arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan Hökumətinə minnətdarlığını bildirib. Nazir qeyd edib ki, Qlobal Cənubda urbanizasiya misli görünməmiş sürətlə gedir, çünki şəhərlər getdikcə iqtisadi transformasiya, innovasiya və imkanların mərkəzinə çevrilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev qeyd edib ki, Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq bu gün xüsusi əhəmiyyət kəsb edir: “Cənub-Cənub əməkdaşlığının əsas üstünlüyü oxşar çağırışlar və inkişaf prioritetləri ilə üzləşən ölkələr arasında praktik təcrübə və uyğunlaşdırılabilən həllərin mübadiləsindədir. Qlobal Cənub yalnız problemlərə deyil, həm də mühüm innovasiya və təcrübəyə sahibdir. Biz strukturlaşdırılmış Cənub-Cənub bilik mübadiləsini gücləndirməyə və institusional təcrübəmizi tərəfdaş ölkələrlə bölüşməyə sadiqik”.

Tədbir müzakirələrlə davam edib.

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr