“Şamaxı”nın futbolçusu Dioqo Balau təkliflərin içində “üzür”.
“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.
Türkmən çalışdırıcı bu barədə istəyini klub rəhbərliyinə bildirib.
İş burasındadır ki, Balauya Premyer Liqanın digər klubları da maraq göstərir.
Bunlar “Araz-Naxçıvan”la “Zirə”dir. Həm Andrey Demçenko, həm də Rəşad Sadıqov sürəti və texnikası ilə seçilən vingeri sərəncamında görmək istəyir.
Lakin bu, heç də asan başa gələn transferə oxşamır.
Dioqonun “Şamaxı” ilə müqaviləsinin müddətinin 2027-ci ilin yayına qədər olması futbolçunu istəyən klubları əlini cibə salmağa məcbur edir.
Bu isə onların ürəyincə deyil. Klublar maddi baxımdan xərcə düşməmək üçün azad agent statuslu futbolçu istəyir.
Dioqo Balau başa çatmaqda olan “futbol ili”ndə Şamaxı təmsilçisinin heyətində Premyer Liqada 30 görüşün iştirakçısı olmaqla 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
HƏBİB / SPORTİNFO.AZ