Azərbaycanda məhkəmələrin tətbiq etdiyi cərimələr qanunun aliliyinin təmin olunması və məhkəmə qərarlarının icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin bu cərimələrin praktikada nə dərəcədə effektiv icra olunması, onların tam şəkildə yığılıb-yığılmaması zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə rəsmi gəliri və ya əmlakı olmayan şəxslərlə bağlı icra prosesində müəyyən çətinliklərin yaşandığı bildirilir. Bəs məhkəmə cərimələrinin icrası hansı mexanizmlərlə təmin edilir və bu sahədə mövcud problemlər nələrdir?
Mövzu ilə bağlı vəkil Cavanşir Qasımzadə Demokrat.az-a bildirib ki, Azərbaycanda məhkəmə tərəfindən tətbiq edilən cərimələrin real icrası həm hüquqi mexanizmlər, həm də təcrübəmizdəki bəzi çətinliklər baxımından fərqli xüsusiyyətlərə malikdir:
"Qanunvericiliyə əsasən, məhkəməyə hörmətsizlik, prosesin pozulması və ya məhkəmə qərarlarının icra edilməməsi normalda ciddi hüquqi nəticələr doğurur. Bu növ cərimələrin icrası birbaşa Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi, yəni icra məmurları tərəfindən həyata keçirilir.
Təcrübədə bu cərimələrin yığılması faizi digər inzibati cərimələrlə, məsələn, yol hərəkəti qaydalarının pozulması ilə müqayisədə bir qədər fərqlidir. Əgər cərimə olunan şəxs rəsmi iş yerinə, bank hesabına və ya əmlaka sahibdirsə, icra məmurları həmin vəsaitlərin dondurulması və ya rəsmi gəlirdən tutulması mexanizmini rahatlıqla tətbiq edə bilirlər. Həmçinin, cəriməni ödəməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulması, yəni stop qoyulması ən effektiv təsir vasitələrindən biri hesab olunur".
Vəkil deyib ki, real vəziyyətdə bəzi problemlər də mövcuddur.:
"Şəxsin rəsmi gəliri və ya adına əmlakı olmadıqda, cərimənin məcburi şəkildə alınması prosesi uzanır və bəzən kağız üzərində qalır. Digər tərəfdən, məhkəmə icraçılarının iş yükünün həddindən artıq çox olması da prosesin çevikliyini azaldır. Buna baxmayaraq, son illərdə sistemin elektronlaşdırılması, xüsusilə Elektron məhkəmə və Elektron icra sistemlərinin inteqrasiyası cərimələrin izlənilməsini və real icra vəziyyətini əhəmiyyətli dərəcədə gücləndirib. İndi şəxslər bu növ cərimələri dövlət ödəniş portalları vasitəsilə asanlıqla görə və ödəyə bilirlər, bu da könüllü icranın faizini artırır. Qeyd etmək lazımdır ki, cərimənin qəsdən ödənilməməsi bəzi hallarda daha ağır sanksiyalarla, hətta inzibati həbslə də nəticələnə bilər ki, bu da şəxsləri ödəniş etməyə məcbur edən əsas amillərdən biridir" , - deyə o qeyd edib.