Bakı, 21 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda Laçın və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təşkilatçılığı ilə “Urbisiddən münaqişə sonrası yenidənqurmaya gedən yol” adlı tədbir keçirilib. Tədbirdə Qarabağda həyata keçirilən yenidənqurma işləri və şəhərsalma siyasəti diqqət mərkəzində dayanıb.
AZƏRTAC xəbər verir ki, tədbirin əvvəlində Laçın və Kəlbəcərdə hazırda aparılan bərpa və yenidənqurma işlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev aparılan bərpa və yenidənqurma işləri, şəhərsalma proseslərinin gedişatı və əhalinin öz ata-baba yurduna qayıtmasının təminatı üçün infrastruktur quruculuğu barədə geniş təqdimatlarla çıxış ediblər.
Bildirilib ki, təxminən 30 il ərzində Qarabağ işğal altında olarkən burada bütün infrastruktur dağıdılıb, tarixi və mədəni irs vandalizmə məruz qalıb, talan edilib. Onminlərlə insan məcburi köçkün həyatı yaşamağa məcbur olub. Lakin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində bu vəziyyət dəyişib və bu gün Qarabağa həyat yenidən qayıdır.
Tədbirdə, həmçinin Ukraynanın İrpen şəhərinin meri Anjela Makeyeva, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktor Emil Şolan, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və ADA Universitetinin baş müəllimi Vüsal Məmmədrzayev mövzu üzrə çıxış ediblər.