Sizi bilmirəm, mən iqlimin süni şəkildə dəyişdirilməsi, süni quraqlıq yaradılması, süni sel təşkil edilməsi söhbətinə inanıram.
Bunun necə edildiyini hələ 40+ il bundan qabaq öz kəndimizdə görmüşəm.
Bizim kənddən 4-5 kilometr aralıda, Quruçayın qırağında topxana vardı, üç dənə də doludağıdan topa malik idi. Topxananı Əlövsət kişi işlədirdi. Məqsəd 1000 hektara yaxın üzüm plantasiyasını hər ilin may ayı üçün xarakterik olan dolu yağıntısından qorumaq idi.
Dolu zırıltı şeydir, altına düşməyən bilməz. Bəzi yerlərdə o, xırda, Məkkədə şeytana atılan və 7 dənəsi 100 dollara satılan daşlar kimi xırda, fındıq boyda ola bilər, amma dağətəyi rayonlarda qoz boydası olur. Dolu yağışı 5-6 dəqiqə çəkir, amma ağaclarda yarpaq, çiçək, sarfa meyvə qoymur, bəzən budaqları da qırır, tökür.
Ona görə də biz ölkə olaraq ittifaqa 3 milyon ton üzüm vermək üçün məcbur idik ki, üzümlükləri doludan qoruyaq. Yoxsa Kalininqraddan Kuril adalarına qədər sovet xalqı şərab adına nə içərdi?
Bizdə bu işə Əlövsət kişi baxırdı, öz toplarıyla sovet sənayesinin istehsal edəcəyi şərab məhsullarının xammalını qoruyurdu.
1986-cı ilin bu vaxtlarıydı, Ukraynada Çernobıl AES-də qəza baş vermişdi və qəzanın nəticələri yeni-yeni sovet xalqına çatdırılırdı. Hər yanda söhbət bundan gedirdi. O əsnada bir axşam kəndimizin üstünü qəfildən qara bulud alır. Əlövsət kişi bir də onda ayılır ki, 1-2 dəqiqəyə yer-göy qovuşacaq. O, tez topxananın daşdan tikilmiş kiçik tikilisindən çıxır və bir az aralıdakı oğluna qışqırır: “Tofiq, kopolu, topun lüləyini tuşla buludlara, kənd Çernobıla döndü”.
Həmin axşam ata-bala topçular kəndi və üzüm plantasiyalarını dağıdıcı doludan xilas etmişdilər. Gerçəkdən də o topxana orada qurulandan ta 1992-ci ilə qədər biz dolu-zad görmədik. Yalnız 1992-də ermənilər Hadrut tərəfdən “Qrad” (“qrad” elə “dolu” deməkdir) qurğusundan mərmi yağdırmağa başladılar, amma dolu dağıtmaq üçün yox, ev-eşikləri dağıtmaq üçün.
Yəni əgər 40+ il əvvəl 2-3 dənə topla dolu buludunu narın yağış səpələyən buluda çevirmək olurdusa, indi insan oğlu nədən bu xüsusda tərəqqiyə nail olmasın?
Özü də 40+ il bundan əvvəl camaat kənd telefonundan rayonla danışa bilmirdi, Bakıdakı qohum-əqrəbaya zəng etmək üçün yarım saat rayonlararası telefon danışıqları məntəqəsində gözləməli olurdu. Amma indi adamlar burda oturur, Amerikadakı əzizi ilə görüntülü danışır. Elmi-texniki tərəqqi bu səviyyədədir.
Bunun qarşılığında buludları ora-bura qovmaq, bir nahiyədən perikdirmək, başqa regionda sel təşkil etmək çətin deyil. Əl-əlbət, bir üsulu, texnologiyası, incəlikləri var.
İndi maraqlıdır ki, ABŞ deyir ki, elə şey mümkün deyil. Halbuki 50 il bundan əvvəl öz qəzet və jurnallarında məqalə dərc olunurmuş ki, SSRİ-də iqlim dəyişdirən qurğular var.
İran tərəfi hələ 40 günlük müharibədən əvvəl özünü ülgücləyirdi ki, İrandakı quraqlıq süni xarakterlidir, BƏƏ-dəki mərkəzlərdən təşkil olunur. Deyirdilər, Urmu gölü ona quruyur. Çox adam inanmırdı, belə açıqlama verən mollaları fantazyorluqda qınayırdılar. Amma 40 günlük müharibə zamanı İran BƏƏ-dəki iqlim işlərinə baxan təsisləri vurduğunu bəyan etdi və bir həftə çəkmədi ki, yağışlar başladı. O başlayan, bu başlayan, Bakı da nəsibini aldı, Tehran da, Təbriz də, Türkiyənin şəhərləri də.
Hazırda Urmu gölü dolmaqda, əski səviyyəsinə çatmaqdadır. Bakıda da, şair Şəhriyar demişkən, sellər-sular şaqqıldayıb axanda bilmirik BƏƏ-dəki iqlim təsislərini vuranların əmvatına salavat zikr edək, yoxsa lənət oxuyaq. Çünki son ayların yağışları normadan artıq yağır.
Bu gedişlə Xəzər də dayazlaşmaqdan, geri çəkilməkdən qurtulacaq, irəli gələcək.
BƏƏ demişkən, kimsənin yadında olmasa da, mənim yadımdadır, təxminən 25 il əvvəl redaksiyamız Elbəyi Həsənlini BƏƏ-yə ezamiyyətə göndərmişdi, o da qayıdandan sonra o ölkə haqqında bir neçə yazı yazmışdı. Həmin yazıların birində belə qeydlər vardı ki, BƏƏ rəhbərliyi ölkənin iqlimini elə dəyişdirib ki, səhrada cənnət yaradıb, indi BƏƏ-yə müntəzəm olaraq yağışlar yağır, yaşıllıqlar daimi səciyyə daşıyır.
İndi aydın olur ki, 25 il o yandan bəri BƏƏ-ni yaşıllaşdıran yağışlar İrandan oğurlanmış buludların yağmurları imiş.
Ömər Danış da oxuyur ki, “məni köyümün yağmurlarında yıkasınlaaaar, yıkasınlar”. Rəhmətliyin oğlu, BƏƏ qoyurdu ki, sənin köyünə yağış yağsın? Bəlkə indən belə müğənni öz ülvi arzusuna çata. Çünki xəbərlərə görə, artıq onun ata yurdu Elazığa da babat yağır və elə zığ əmələ gəlir ki, boğaza çıxır.
Beləcə, hər qəliz, müəmmalı hadisəni “hamısı Amerikanın oyunlarıdır” deyə izah edənlər də haqlı çıxmaqdadır.
P.S. Dünya köhnə dünyadır, texnologiyaları təzədir.