Hörmüz boğazından naviqasiyanın avqusta qədər bərpa olunmayacağı halda, hadisələrin inkişafı qlobal iqtisadiyyat üçün 2008-ci ilin dünya maliyyə böhranı ilə müqayisə oluna biləcək tənəzzül təhlükəsi yaradır.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Rapidan Energy Group" konsaltinq şirkətinin analitiklərinin məlumatlarına istinadən bildirib.
Baza proqnozu olaraq şirkət boğazın fəaliyyətinin iyul ayında bərpa olunacağını güman edir. Hadisələrin bu cür inkişafı variantında ekspertlər neftə olan məcmu tələbatın sutkada 2,6 milyon barel azalacağını və "Brent" markalı neftin qiymətinin bir barel üçün 130 dollara qədər artacağını proqnozlaşdırırlar.
Daha neqativ ssenaridə isə naviqasiyanın bərpasının avqusta qədər ləngiməsi üçüncü rübdə neft tədarükü çatışmazlığının sutkada 6 milyon barel təşkil etməsinə gətirib çıxara bilər.
"Hazırkı makroiqtisadi şərait 1970-ci illər və ya 2007-2008-ci illər dövrü ilə müqayisədə daha az ekstremaldır. Bununla belə, bu nisbətən daha dayanıqlı başlanğıc mövqeyi neft kotirovkalarının uzunmüddətli artımının maliyyə və makroiqtisadi zəiflikləri kəskinləşdirə biləcəyi təhlükəsini aradan qaldırmaq iqtidarında deyil", - agentlik şirkətin analitik məruzəsindən sitat gətirib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının bağlandığını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.