ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
ABŞ İranı tam dağıtmaq yox, nəzarət olunan şəkildə zəiflətmək istəyir
Tehran isə zaman qazanaraq müqavimət strategiyasını davam etdirir
ABŞ Prezidenti Donald Trump ilə Çin rəhbəri Xi Jinping arasında keçirilən görüşdə bir çox mühüm siyasi və iqtisadi məsələlər müzakirə olunsa da, tərəflər arasında mövcud olan dərin ziddiyyətlərin aradan qaldırılması və müəyyən razılaşmaların əldə olunması üçün hələ çoxsaylı görüşlərə ehtiyac olduğu görünür.
Ehtimal olunur ki, Tramp Si Cinpinə İranla bağlı məqsədlərini və bu istiqamətdə atacağı addımları da izah edib. ABŞ İranın indiyədək zənginləşdirdiyi uranı təhvil verməsini və Tehranın nüvə proqramından birdəfəlik imtina etməsini tələb edir. Vaşinqton bu məqsədlə İrana qarşı iqtisadi təzyiqləri artırır və onu faktiki olaraq dəniz blokadası şəraitinə yaxın vəziyyətə salmağa çalışır.
İranın daxili iqtisadi böhranı və SEPAH-ın artan siyasi təsiri
İran rəsmiləri müharibə və sanksiyalar nəticəsində ölkədə yaranmış ağır iqtisadi və maliyyə vəziyyətini açıq şəkildə etiraf etməsələr də, əhali həyat şəraitinin sürətlə pisləşdiyini hiss edir. İran Prezidenti Məsud Pezeşkian dövlət qurumlarının ictimaiyyətlə əlaqələr şöbələrinin rəhbərləri ilə görüşü zamanı müharibənin enerji infrastrukturuna və sənayeyə vurduğu ciddi zərərlərdən, benzin çatışmazlığından, neft ixracının çətinləşməsindən, valyuta qıtlığından və vergi toplama prosesinin ağırlaşmasından danışıb.

Pezeşkian bildirib ki, ölkənin gündəlik 150 milyon litr benzinə ehtiyacı olduğu halda, İran hazırda yalnız 100 milyon litr istehsal edə bilir. O, həmçinin yaxın dövrdə bahalaşmanın daha da artacağını qeyd edib.
Bütün bunlara baxmayaraq, İranda strateji qərarları verən əsas siyasi-hərbi çevrələr ABŞ-ın tələbləri qarşısında geri çəkilməyəcəklərini bəyan edirlər. Trampın nümayəndələri ilə danışıqlar aparan İran rəsmilərinin isə strateji qərarvermə səlahiyyətləri məhduddur. Onlar SEPAH, ali dini lider və onun ətrafındakı dini-siyasi çevrələrin razılığı olmadan mühüm qərarlar qəbul edə bilmirlər.
İranda elə bir idarəetmə sistemi formalaşıb ki, hökumət əsasən iqtisadiyyatın idarə olunması, maliyyə sisteminin təşkili və vergilərin toplanması ilə məşğul olur. Xarici siyasətin əsas istiqamətlərini və strateji prioritetləri isə ali dini rəhbərlik müəyyənləşdirir. İran faktiki olaraq teokratik-hərbi idarəetmə modeli ilə idarə olunur.

İranın on il əvvəl ABŞ və digər ölkələrlə əldə etdiyi nüvə sazişi daha sakit və proqnozlaşdırılan şəraitdə aparılmışdı. Hazırda isə İranın real siyasi rəhbərliyi xarici işlər naziri Abbas Əraqçi üçün daha çox vasitəçi və mesaj ötürücü funksiyası müəyyənləşdirib.
İran Ali Hərbi Şurasının sədri və ali dini rəhbərin hərbi məsələlər üzrə müşaviri Yahya Rahim Safavi SEPAH-ın rolunun artmasını dolayı şəkildə təsdiqləyən bəyanatla çıxış edib.
O bildirib: “Dünyada belə bir qənaət var ki, İranda SEPAH hakimiyyəti ələ keçirib. Bu, tam olaraq belə deyil. SEPAH-ın əsas missiyası islam inqilabını qorumaqdır. Əgər inqilaba təhdid yaradan müharibə və ya digər fövqəladə hadisə meydana çıxarsa, SEPAH-ın İran siyasətində və sistemində rolu artır, səlahiyyətləri genişlənir. Belə hallarda ali dini rəhbər də onlara əlavə səlahiyyətlər verir. Çünki SEPAH hərbi təşkilatdır və bu cür vəziyyətlərdə onun təcrübəsi vacib hesab olunur.”

Səfəvinin açıqlamalarından görünür ki, İran ilə ABŞ arasında aparılan danışıqlardan ciddi nəticə gözləmək çətindir. İran ətrafında böyük hərbi qüvvə saxlayan Tramp Tehranın Vaşinqtonun təkliflərinə müsbət cavab verməyəcəyi təqdirdə yeni zərbələr endiriləcəyini dəfələrlə bəyan edib.
Yeni dünya düzəni və ABŞ-ın Yaxın Şərq strategiyası
Ümumiyyətlə, İran məsələsinə qlobal kontekstdə yanaşmaq lazımdır. Əgər yeni dünya nizamı formalaşırsa, bu sistem ya təkqütblü, ya da ikiqütblü model üzərində qurula bilər. Hazırkı proseslər göstərir ki, İkinci Dünya Müharibəsindən sonrakı düzənə bənzər, lakin müasir reallıqlara uyğunlaşdırılmış ikiqütblü model daha real görünür.
Bu konfiqurasiyada ABŞ dünyanın əsas güc mərkəzlərindən biri olaraq qalır, digər qütbün isə Çin tərəfindən formalaşdırılması ehtimalı artır. Vaşinqton artıq Pekinin qlobal güc statusunu tam inkar etmir və müəyyən təsir bölgülərinin mümkünlüyünü nəzərə alır. Lakin belə qlobal razılaşmalar uzunmüddətli və mürəkkəb geosiyasi müzakirələr tələb edir.

ABŞ Yaxın Şərqdəki maraqlarından geri çəkilmək niyyətində deyil. Buna görə Vaşinqton regionda İranın nüvə silahına sahib olmasına imkan verməməyə çalışır. Eyni zamanda ABŞ İranın tam parçalanmasını da istəmir. Çünki “divide et impera” — “parçala və hökm sür” prinsipi baxımından İranın Körfəz ölkələri ilə davamlı qarşıdurma şəraitində qalması Vaşinqtonun strateji maraqlarına cavab verir.
ABŞ-ın yanaşmasına görə, formalaşacaq yeni dünya düzənində İran zəiflədilmiş, nəzarət edilə bilən və regionda balans elementi rolunu oynayan dövlətə çevrilməlidir. Vaşinqton bir tərəfdən Tehranı iqtisadi və siyasi təzyiqlərlə zəiflətməyə çalışır, digər tərəfdən isə Körfəz ölkələrini də öz təsir orbitində saxlamaq niyyətindədir.
İlk baxışda İranın ABŞ-la yaxınlaşması inandırıcı görünməyə bilər. Lakin dünya siyasi tarixində dünən düşmən olan dövlətlərin sonradan strateji tərəfdaşa çevrildiyi nümunələr kifayət qədərdir. Buna görə də İran məsələsinə emosional və ideoloji yanaşmadan daha çox geosiyasi maraqlar prizmasından baxmaq lazımdır.
İranın “müqavimət sistemi” və istəkləri
Burada əsas suallardan biri budur: İran özü nə istəyir və onun əlində hansı imkanlar var?
İran rəhbərliyi anlayır ki, ABŞ-ın əsas məqsədi yalnız nüvə proqramını dayandırmaq deyil. Vaşinqton Tehranın regiondakı təsir imkanlarını zəiflətmək, SEPAH-ın yaratdığı hərbi-siyasi şəbəkəni dağıtmaq və İranı daha idarəolunan dövlətə çevirmək istəyir.
Bu səbəbdən Tehran nüvə proqramına yalnız enerji və ya hərbi layihə kimi baxmır. İran üçün nüvə proqramı həm də siyasi təhlükəsizlik zəmanəti, böyük dövlətlərlə bərabər səviyyədə danışmaq vasitəsi və rejimin qorunma mexanizmidir.

İranın əsas üstünlüklərindən biri klassik dövlət modelindən fərqli olaraq “müqavimət sistemi” qurmasıdır. Tehran uzun illər ərzində Yaxın Şərqdə yalnız öz sərhədlərinə güvənməyib. Livanda Hezbollah, İraqdakı şiə silahlı qrupları, Suriyada Bəşər Əsəd hakimiyyəti ilə əməkdaşlıq, Yəməndə husilər və digər təsir şəbəkələri İranın strateji müdafiə xəttinə çevrilib.
İran anlayır ki, ABŞ və İsrail ilə klassik müharibədə uzun müddət davam gətirmək çətin olar. Buna görə Tehran daha çox “asimmetrik savaş” modelinə üstünlük verir.
Bu modelin əsas elementləri raket proqramı, pilotsuz uçuş aparatları, proksi qüvvələr və Hörmüz boğazına nəzarət imkanlarıdır. İran açıq mesaj verir ki, genişmiqyaslı müharibə başlayacağı halda yalnız İran deyil, bütün Yaxın Şərq alova bürünə bilər. Bu isə enerji bazarlarında böhran, neft qiymətlərinin kəskin artması və qlobal iqtisadi sarsıntı deməkdir.

Digər tərəfdən İranın ciddi zəiflikləri də mövcuddur. Uzunmüddətli sanksiyalar nəticəsində ölkə iqtisadiyyatı zəifləyib, milli valyuta dəyər itirib, gənclər arasında sosial narazılıq artıb və cəmiyyət ciddi təzyiq altına düşüb.
Xüsusilə şəhərli orta təbəqənin bir hissəsi Qərblə münasibətlərin normallaşmasını istəyir. Hakimiyyət isə daxildə ideoloji nəzarəti qorumaq üçün təhlükəsizlik aparatına daha çox söykənməyə məcbur qalır. Bu səbəbdən Tehran üçün əsas prioritet rejimin davamlılığını təmin etməkdir.
Çinin balans siyasəti və region dövlətlərinin maraqları
Çinin maraqları daha geniş və strateji xarakter daşıyır. Pekin İranı yalnız regional tərəfdaş kimi deyil, həm də Avrasiya layihəsinin mühüm halqası kimi qiymətləndirir. “Bir Kəmər, Bir Yol” strategiyası baxımından İran Çin üçün vacib tranzit və enerji marşrutudur.

Çin böyük həcmdə İran nefti alır və Tehranın tam şəkildə ABŞ təsiri altına keçməsini istəmir. Bununla yanaşı, Pekin İran uğrunda Vaşinqtonla açıq hərbi qarşıdurmaya getmək niyyətində də deyil. Çinin əsas məqsədi qlobal ticarət və enerji axınının sabit qalmasını təmin etməkdir.
Pekin anlayır ki, İranın tam çökməsi Yaxın Şərqdə böyük xaosa səbəb ola bilər. Bu isə Çin iqtisadiyyatına ciddi zərbə vuracaq. Digər tərəfdən Çin İranın həddindən artıq güclənməsində də maraqlı deyil. Çünki nüvə silahına malik və daha aqressiv İran bölgədə nəzarətsiz qarşıdurmalar yarada bilər. Buna görə Pekin balans siyasəti yürüdür — Tehrana iqtisadi nəfəs verir, lakin onu tam şəkildə müdafiə etməkdən yayınır.

Səudiyyə Ərəbistanı və BƏƏ İranın bölgədə zəifləməsini istəyirlər. Çünki Tehran onların təhlükəsizlik sisteminə və siyasi nüfuzuna əsas təhdid hesab olunur. Bununla belə, ərəb monarxiyaları İranın tam dağılmasını da arzulamırlar. Çünki belə vəziyyət bölgədə idarəolunmaz məzhəb savaşına, qaçqın böhranına və radikal silahlı qrupların güclənməsinə səbəb ola bilər.
Turkiyə daha mürəkkəb mövqe tutur. Ankara İranın təsir imkanlarının azalmasını müəyyən qədər öz maraqlarına uyğun hesab etsə də, ABŞ və İsrailin regionda tam dominant gücə çevrilməsini də istəmir.
Nə gözlənilir?
Bütün bunlar göstərir ki, İran ətrafında gedən proseslər yalnız nüvə proqramı məsələsi deyil. Burada əslində yeni dünya düzəninin necə formalaşacağı uğrunda mübarizə gedir.
Hazırda Vaşinqtonun strategiyası İranı birdən-birə dağıtmaq deyil. ABŞ anlayır ki, İranın parçalanması bütün bölgəni nəzarətsiz xaosa sürükləyə bilər. Buna görə Vaşinqton daha çox İranı zəiflətmək, iqtisadi və siyasi baxımdan təzyiq altında saxlamaq, lakin tam çökməsinə imkan verməmək siyasəti yürüdür.

Tehran isə vaxt qazanmağa çalışır. İran rəhbərliyi hesab edir ki, dünya sürətlə dəyişir və ABŞ artıq əvvəlki qədər mütləq hegemon deyil. Çin və Rusiyanın güclənməsi, Qərb daxilindəki siyasi parçalanmalar və qlobal iqtisadi böhranlar İranın manevr imkanlarını artırır.
Yekun olaraq demək olar ki, İran ətrafında yaranan qarşıdurma yaxın illərdə də dünyanın əsas geosiyasi düyünlərindən biri olaraq qalacaq. Böyük ehtimalla tərəflər arasında nə tammiqyaslı barışıq olacaq, nə də davamlı və açıq böyük müharibə baş verəcək.
Ən real ssenari uzunmüddətli gərginlik, iqtisadi təzyiq, lokal hərbi toqquşmalar və gizli diplomatik danışıqların paralel şəkildə davam etməsidir.
Çünki müasir dünyada dövlətlər artıq yalnız ideologiyalar uğrunda deyil, daha çox maraqlar, enerji marşrutları, ticarət yolları və qlobal güc balansı uğrunda mübarizə aparırlar. İran məsələsi də məhz bu böyük geosiyasi oyunun ən vacib elementlərindən birinə çevrilib.
Vaqif Nəsibov
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.