AZ

Gənclərdə psixoloji problemlər artır: Sosial media və təzyiqlər təsiri dərinləşdirir

Son illərdə gənclər arasında psixoloji problemlərin artması həm mütəxəssislər, həm də cəmiyyət tərəfindən daha açıq şəkildə müşahidə olunur. Xüsusilə, yeniyetmə və gənc yaş qrupunda emosional gərginlik, narahatlıq, daxili tənhalıq hissi və gələcəklə bağlı qeyri-müəyyənlik ön plana çıxır. Müasir dövrdə gənclər həm akademik, həm sosial, həm də iqtisadi baxımdan ciddi təzyiqlərlə qarşılaşırlar. Uğurlu olmaq məcburiyyəti, özünü sübut etmə ehtiyacı və davamlı müqayisə mühiti onların psixoloji dayanıqlığını zəiflədə bilir.

Klinik psixoloq və psixoterapevt İlkin Kazımlı QHT.az-a açıqlamasında bildirib ki, son illərdə gənclər arasında narahatlıq pozuntuları, panik atak, depressiv hallar, özgüvən zəifliyi, emosional tükənmişlik və sosial fobiya halları daha çox müşahidə olunur. Onun sözlərinə görə, xüsusilə “özünü yetərsiz hiss etmə” problemi geniş yayılıb və bir çox gənc daim başqalarının həyatı ilə öz həyatını müqayisə etdiyi üçün özünü uğursuz və ya dəyərsiz hiss etməyə başlayır.

Müsahib vurğulayıb ki, psixoloqa müraciət etməməyin əsas səbəblərindən biri cəmiyyətdə psixoloji yardımla bağlı stereotiplərin hələ də qalmasıdır. Bəzi insanlar psixoloqa müraciəti “zəiflik” və ya “ayıb” kimi qiymətləndirdiyi üçün gənclər yaşadıqları problemləri gizlətməyə çalışırlar. Eyni zamanda ailə daxilində emosional dəstəyin zəif olması da vəziyyəti daha da çətinləşdirir. Bəzi gənclər hisslərini paylaşdıqda “keçib gedər”, “şişirtmə” kimi reaksiyalarla qarşılaşdıqları üçün zamanla susmağa üstünlük verirlər.

İlkin Kazımlı qeyd edib ki, bir çox gənc yaşadığı vəziyyətin psixoloji problem olduğunu tam anlaya bilmir. Aylarla davam edən halsızlıq, motivasiya itkisi, yuxu pozuntusu, əsəbilik və davamlı narahatlıq adi yorğunluq kimi qəbul edilir. Bu isə problemin zamanla daha da dərinləşməsinə səbəb olur. O bildirib ki, bəzi gənclər yardım istəməyi zəiflik hesab etdikləri üçün problemlə təkbaşına mübarizə aparmağa çalışırlar.

Mütəxəssisin sözlərinə görə, sosial medianın psixoloji vəziyyətə təsiri də olduqca böyükdür. Sosial şəbəkələr bir tərəfdən məlumatlandırıcı və faydalı platforma olsa da, digər tərəfdən ciddi psixoloji təzyiq yarada bilir. İnsanların əsasən həyatlarının ən uğurlu və ideal görünən hissələrini paylaşması gənclərdə müqayisə hissini artırır. Xüsusilə xarici görünüş, münasibətlər, maddi imkanlar və uğur mövzularında yaranan müqayisələr özgüvənə mənfi təsir göstərir.

Bununla yanaşı, İlkin Kazımlı bildirib ki, sosial mediada davamlı informasiya axını insan beynini yorur. Daim neqativ xəbərlər, yüksək gözləntilər və tənqidlərə məruz qalmaq emosional gərginliyi artırır. Uzun müddətli istifadə diqqət dağınıqlığına, yuxu problemlərinə və emosional tükənməyə səbəb ola bilir. Xüsusilə gecə saatlarında sosial mediadan uzun müddət istifadə həm yuxu keyfiyyətinə, həm də psixoloji vəziyyətə mənfi təsir göstərir.

Sonda mütəxəssis vurğulayıb ki, psixoloji sağlamlıq mövzusu cəmiyyətdə daha açıq şəkildə müzakirə olunmalıdır. Məktəblərdə, universitetlərdə və ailələrdə emosional sağlamlıqla bağlı maarifləndirmənin artırılması vacibdir. Gənclərə hisslərini ifadə etməyin, dəstək istəməyin və psixoloqa müraciətin normal və sağlam addım olduğu aşılanmalıdır. Onun fikrincə, psixoloji problemləri gizlətmək yox, vaxtında dəstək almaq insanın həyat keyfiyyətini və gələcəyini qoruyan ən vacib addımlardan biridir.

Piranə Xasiyeva

Seçilən
39
qht.az

1Mənbələr