AZ

Reuters: Tramp Amerika diplomatiyasını zəiflətdi, bundan Ukrayna da zərər gördü

ABŞ prezidenti Donald Trampın administrasiyası ənənəvi Amerika diplomatiyasını getdikcə daha çox zəiflədir. Bu isə Vaşinqtonun müttəfiqlərini Ağ evin qərarlarının qeyri-müəyyənliyi fonunda qeyri-rəsmi əlaqə kanalları axtarmağa məcbur edir...

Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyinin geniş materialında qeyd olunur.

Məqalədə Ukrayna və ABŞ-ın Kiyevdəki keçmiş səfiri Bricit Brinkin fəaliyyəti xüsusi diqqət mərkəzində olub.

Brink bildirib ki, 2025-ci ilin fevralında Tramp ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Ağ evdə yaşanan münaqişədən sonra ABŞ qəfil şəkildə Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının paylaşılmasını dayandırıb.

Onun sözlərinə görə, bu vəziyyət təkcə ukraynalılar üçün deyil, Kiyevdə çalışan amerikalı diplomatlar üçün də risk yaradıb. Çünki onların təhlükəsizliyi Pentaqonun təqdim etdiyi hava hücumundan müdafiə sistemləri və digər silahlarla təmin olunurdu.

"Mənim orada 1000 nəfər əməkdaşım var idi və onların hamısı mülki şəxslər idi. Bizi amerika və digər avadanlıqlardan istifadə edən ukraynalılar qoruyurdu", deyə Brink jurnalistlərə bildirib.

Keçmiş diplomat qeyd edib ki, yardımın dayandırılması barədə qərar heç bir izahat verilmədən qəbul olunub. Onun sözlərinə görə, səfirlik əməkdaşları Pentaqon, Dövlət Departamenti və Ağ evə müraciət etsələr də, cavab ala bilməyiblər.

Reuters yazır ki, Trampın prezidentliyi dövründə Ağ evlə diplomatik nümayəndəliklər arasında ənənəvi koordinasiya mexanizmləri faktiki olaraq zəifləyib.

Brink bildirib ki, Co Bayden administrasiyası dövründə o, Ukraynadakı müharibə ilə bağlı ABŞ Milli Təhlükəsizlik Şurasının koordinasiya iclaslarında mütəmadi iştirak edirdi. Lakin Tramp yenidən hakimiyyətə qayıtdıqdan sonra bu görüşlər dayandırılıb.

Agentliyin məlumatına görə, bəzi amerikalı rəsmilər artıq rəsmi təlimatlardan deyil, Trampın sosial şəbəkələrdəki paylaşımlarından ABŞ-ın Ukrayna və NATO siyasəti ilə bağlı siqnallar almağa başlayıblar.

Brink nəticədə 2025-ci ilin aprelində istefa verib. O, qərarını Trampın Rusiyaya münasibətdə həyata keçirdiyi "yumşaltma siyasəti" ilə razılaşmaması ilə izah edib.

Keçmiş səfirin fikrincə, Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxınlaşmağa çalışır və müharibənin məsuliyyətini Ukraynanın üzərinə qoyur.

Poliqon.info

Seçilən
19
poliqon.info

1Mənbələr