AZ

Samir Poladov WUF13-də: “Mina insidentlərinin əksəriyyəti keçmiş təmas xəttindən xeyli uzaqda baş verir”

Samir
“Qarşı tərəfdən əldə etdiyimiz mina sahələri üzrə formulyarlar yalnız keçmiş təmas xətti boyunca basdırılmış minaları əhatə edir. Lakin qeydə alınmış 260 insidentdən cəmi 101-i məhz həmin keçmiş təmas xətti daxilində baş verib. Qalan bütün hallar isə bu ərazilərdən xeyli uzaqda qeydə alınıb ki, bu da minalanmanın xaotik xarakter daşıdığını göstərir”.
1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı günü çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin həlledici rolu” adlı panel sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov səsləndirib. Onun sözlərinə görə, bu mina sahələrinin bir çoxunun dəqiq yerləşdiyi ərazilər hələ də məlum deyil, həmin çirklənmiş zonalarla bağlı hər hansı qeydiyyat və ya xəritələr mövcud deyil. “Sağ tərəfdəki xəritədə Qarabağda indiyədək təmizlənmiş əraziləri görə bilərsiniz. Müxtəlif rənglər minatəmizləmə prosesinə cəlb olunmuş müxtəlif operatorları göstərir. Aşağıdakı şəkillərdə görünən sarı işarələr isə hər bir aşkarlanmış mina yerində quraşdırılır. Gördüyünüz kimi, mina sıxlığı son dərəcə yüksəkdir. ANAMA Azərbaycanda minatəmizləmə əməliyyatlarına rəhbərlik edən əsas qurumdur. Biz ölkə üzrə bütün minatəmizləmə fəaliyyətinə nəzarət, koordinasiya və idarəetməni, o cümlədən əməliyyatların keyfiyyət təminatı və nəzarətini həyata keçiririk”, - deyə S.Poladov bildirib. O qeyd edib ki, eyni zamanda minatəmizləmə prosesində Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti də fəal iştirak edir. Bu qurumların şəxsi heyəti beynəlxalq humanitar minatəmizləmə standartlarına uyğun olaraq beynəlxalq ekspertlər tərəfindən təlim keçib. “Bundan əlavə, ölkədə minatəmizləmə fəaliyyətinə bir yerli QHT və bir neçə kommersiya şirkəti də cəlb olunub. İllik hədəfimiz yenidənqurma və bərpa işlərinə dəstək məqsədilə 65 min hektar yüksək prioritetli ərazinin təmizlənməsidir. Fəaliyyətimizin digər mühüm istiqaməti mina və partlamamış hərbi sursatlarla bağlı ictimai maarifləndirmənin artırılmasıdır. Biz bunu həm məktəblərdə uşaqlar üçün keçirilən proqramlar, həm də azad edilmiş ərazilərə qayıdan icmalarla birbaşa iş vasitəsilə həyata keçiririk. Maarifləndirmə qruplarımız sakinlərin bu ərazilərdə necə təhlükəsiz davranmalı olduqlarını aydın şəkildə anlamaları üçün məlumat sessiyaları təşkil edir”, - deyə o vurğulayıb. Samir Poladov bildirib ki, hazırda təsdiqlənmiş mina sahələrinin ətrafında qoruyucu hasarların quraşdırılması işləri də aparılır. Bu işlərin böyük hissəsi artıq tamamlanıb, bəzi ərazilərdə isə proses davam edir. “Bu hasarların məqsədi mülki şəxslərin və mal-qaranın təhlükəli zonalara daxil olmasının qarşısını alan fiziki maneə yaratmaqdır. Maksimum görünürlük və məlumatlılığın təmin olunması üçün hasarlar boyunca müəyyən məsafələrlə xəbərdaredici nişanlar yerləşdirilib. Bu hasarların ümumi uzunluğu 550 kilometri ötür və bəzi yerlərdə eni beş-altı kilometrə çatan mina təhlükəli zonaları əhatə edir. Azərbaycanda həyata keçirilən bütün minatəmizləmə fəaliyyəti keçmiş məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışını təmin etməyə yönəlmiş dövlət proqramı çərçivəsində aparılan yenidənqurma və bərpa işlərinə dəstək məqsədi daşıyır. Torpaqların təmizlənməsi üzrə hər bir layihə konkret bərpa təşəbbüsü ilə əlaqələndirilir və aidiyyəti dövlət qurumu ilə koordinasiyalı şəkildə həyata keçirilir. Biz fəaliyyətimizin nəticələrindən yalnız bir neçə nümunə göstərmək istədik, halbuki nümayiş etdirilə biləcək daha çox fakt mövcuddur. Şəhər mərkəzləri artıq minalardan təmizlənib və hazırda həmin ərazilərdə bərpa işləri aparılır. Müxtəlif rayonlarda yerləşən çoxsaylı kəndlər beynəlxalq standartlara uyğun şəkildə təmizlənərək sonrakı inkişaf üçün rəsmi şəkildə təhvil verilib”, - deyə o əlavə edib. ANAMA nümayəndəsinin sözlərinə görə, bu gün həmin ərazilərin bir qismində artıq insanlar yaşayır və çalışırlar. “Qarabağ bölgəsində üç beynəlxalq hava limanı tikilib və fəaliyyət göstərir. Həmçinin dəmir yolları, avtomobil yolları və digər mühüm infrastruktur yaradılıb. Bütün bunlar əvvəlcədən ANAMA və digər minatəmizləmə qrupları tərəfindən təmizlənmiş və təhlükəsiz şəkildə tikinti üçün təhvil verilmiş sahələrdə həyata keçirilib.

Şübhəsiz ki, bu, uzunmüddətli milli çağırışdır. Biz anlayırıq ki, Azərbaycanın mina təhlükəsindən tam təmizlənməsi uzun zaman və davamlı səylər tələb edəcək”, - deyə Samir Poladov bildirib.

Seçilən
28
1news.az

1Mənbələr