AZ

WUF-da ilk dəfə Aborigen Xalqlar Qrupu yaradılıb

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində ilk dəfə Aborigen Xalqlar Qrupu (Indigenous Caucus) yaradılıb.

Trend xəbər verir ki, bu barədə "Aborigen xalqlar üçün adekvat mənzil" mövzusunda keçirilən dəyirmi masada Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) Yerli Xalqlar və Yerli İcmalar üzrə İşçi Qrupunun həmsədri Florencia Soto Nino-Martinez bildirib.

"Bu, Dünya Şəhərsalma Forumunun tarixində ilk dəfədir ki, Aborigen Xalqlar Qrupu yaradılıb. Biz burada sayca az ola bilərik, amma toxum kimiyik - böyüyəcək və çiçəklənəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün yekun günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı məsələlərinə dair müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

WUF13-ün ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığı mövzularına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Həmçinin WUF13 çərçivəsində Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm platforma kimi təqdim olunan Mexiko şəhərinin pavilyonunun açılışı olub.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzularda müzakirələr aparılıb.

Üçüncü günün ən diqqətçəkən hadisələrindən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma memorandumu imzalanması olub.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişikliyi, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.

Həmçinin Azərbaycanın təşəbbüsü ilə WUF tarixində ilk dəfə olaraq "WUF13 QHT Forumu: Qlobal tərəfdaşlıq və qərarqəbuletmə" (WUF13 NGO Forum) keçirilib.

Forumun beşinci günündə qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dəyişikliklərinə davamlılıq, şəhər idarəçiliyində süni intellektin tətbiqi, "yaşıl" urbanizasiya və sosial bərabərlik məsələlərinin müzakirəsi davam etdirilib.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunan WUF13 forumu dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirib. Forumda iştirak üçün dünyanın 182 ölkəsindən 40 mindən çox insan qeydiyyatdan keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
1
olaylar.az

2Mənbələr