AZ

"Mina təhlükəsi iqtisadi vəziyyəti iflic vəziyyətinə salır" -

"Mina təhlükəsinin aradan qaldırılması postmünaqişə dövründə ölkələrin yenidən qurulması və sosial-iqtisadi inkişafı baxımından mühüm rol oynayır".Mətbuat.az xəbər verir ki, bunu ADA Universitetinin Moot Court Proqramının direktoru və professoru Rodriqo Labardini Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində çıxışı zamanı deyib. O bildirib ki, 1980-ci illərdə Nikaraquada baş verən Sandinista inqilabı və “Contra” münaqişəsindən sonra bu ölkə Qərb yarımkürəsində mina ilə ən çox çirklənmiş dövlətlərdən birinə çevrilib. Həmin dövrdə əhalinin təxminən yarısının mina təhlükəsindən təsirləndiyi qeyd olunurdu.Rodriqo Labardinin sözlərinə görə, minalar təkcə sərhəd xətlərində deyil, strateji infrastruktur obyektləri, enerji qurğuları, nəqliyyat marşrutları, yaşayış məntəqələri və digər mühüm sahələrin ətrafında yerləşdirilmişdi. Bu isə insanların hərəkət imkanlarını ciddi məhdudlaşdırır, kənd təsərrüfatı və iqtisadi fəaliyyəti iflic vəziyyətinə salırdı.Professor qeyd edib ki, Nikaraquanın 17 inzibati ərazisindən 16-sı mina çirklənməsindən təsirlənmişdi. Xüsusilə silahlı münaqişədən sonra ağır vəziyyətlə üzləşən yoxsul kənd rayonları bundan daha çox zərər görüb.O vurğulayıb ki, Nikaraqua 1989-cu ildən etibarən minatəmizləmə işlərinə başlayıb. Çünki təhlükəsizliyin bərpası olmadan yenidənqurma və iqtisadi dirçəliş mümkün deyildi.Rodriqo Labardini bildirib ki, həmin dövrdə ölkənin texniki, maliyyə və institusional resursları kifayət etmədiyindən beynəlxalq dəstəyə ehtiyac yaranmışdı. Bu prosesdə Amerika Dövlətləri Təşkilatı və Amerika Qitəsi Müdafiə Şurası mühüm rol oynayıb.Onun sözlərinə görə, 1993-cü ildən etibarən minatəmizləmə prosesi daha sistemli xarakter alıb və bu fəaliyyət yalnız hərbi zərurət deyil, eyni zamanda humanitar, iqtisadi və inkişaf baxımından vacib məsələ kimi qiymətləndirilib.Professor qeyd edib ki, 2010-cu ildə Nikaraqua minalardan təmizlənmə prosesinin başa çatdığını elan edib. Bu nəticə Mərkəzi Amerikanın dünyada mina təhlükəsindən azad edilmiş ilk region kimi tanınmasına töhfə verib.Rodriqo Labardini əlavə edib ki, Nikaraqua nümunəsi göstərir ki, minatəmizləmə prosesi postmünaqişə dövründə bərpa, təhlükəsizlik və iqtisadi inkişafın sürətlənməsində mühüm rol oynayır. O həmçinin bildirib ki, Meksika Nikaraqua, Kolumbiya və Kamboca ilə müqayisədə genişmiqyaslı piyadaəleyhinə mina problemi ilə üzləşməyib.

Gülbəniz Hüseynli / Mətbuat.az

Seçilən
1
metbuat.az

1Mənbələr