AZ

Paşinyanın kəskin ritorikası və Ermənistan üçün Qarabağ amili

Azərbaycan dövləti və xalqı nəyə görə ayıq olmalıdır?

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Qarabağ klanı”nın təmsilçiləri olan revanşistlər və şovinistlər barədə dilə gətirdiyi son dərəcə ağır ifadələrin əks olunduğu videogörüntülər sürətlə yayılmaqdadır. Nikol, həqiqətən, bu dəfə kəskin ritorikaya, qatı üsluba üstünlük verib. Amma Baş nazirin başqa çıxış yolu yoxdur. Yazımız həm də bu fikrin izahıdır.

Beləliklə, Paşinyanın dediklərinə keçid alaq. Məsələn, “ay fərarilər, sizin ümumiyyətlə burada nə işiniz var, burada nə edirsiniz? Bunlar kimdir axı, gəlib mənə barmaq silkələyirlər? Qarabağın qondarma elitası, hamınız buradan rədd olun”. Yaxud “Köçəryan, Sərkisyan, Karapetyan və Sarukyanın rəhbərlik etdiyi qondarma Qarabağ elitasına deyirəm: kökünüzü kəsəcəyəm. Alçaqlar, niyə yaşayırsınız? Niyə hələ də yaşadığınızı açıqlayın. Hələ üstümə gəlib beş min qurbandan danışırsınız. O beş min qurban niyə oldu? Siz niyə onların içində deyilsiniz, ay alçaqlar?”. Əlbəttə, Paşinyanın bütün fikirlərini diqqətə çatdırmağa lüzum görmürük. Çünki məqsədimiz başqadır. Məqsədimiz “Qarabağ məsələsi”nin erməni cəmiyyəti üçün patoloji xəstəlik halına gəldiyini vurğulamaqdır. Daha bir məqsədimiz var ki, ona sonda aydınlıq gətirəcəyik.

Bəli, hay toplumundakı xəstəlik o dərəcədə ciddidir ki, ölkənin parlament seçkiləri kimi taleyüklü prosesi məhz Qarabağ amili üzərində qurulur. Hesab edirik ki, dünyada başqasının torpağına fokuslanıb seçki ritorikası formalaşdıran ikinci bir dövlət və xalq yoxdur. Mövcud məqama dünya birliyi də diqqət yetirməlidir. Çünki Cənubi Qafqaz beynəlxalq aləm üçün son dərəcə önəmli nöqtədir. Qeyd edək ki, Paşinyan ötən həftəki çıxışlarının birində erməni xalqının durğunluq psixologiyasından əl çəkməli, Ermənistan Respublikasını vətən və sığınacaq kimi qəbul etməli olduğunu vurğulamışdı: “Nəhayət, vətən axtarışı prosesinin başa çatdığını bəyan etməliyik. Biz öz vətənimizi tapmışıq. Bu, Ermənistan Respublikasıdır”.

Müasir dövrdə bir xalq hələ də vətən axtarışındadır. Paşinyan öz xalqının sərsəm nümayəndələrini “xoş sözlərə” qonaq edirsə, başqa xalqların təmsilçilərinin təhqirə layiq zümrənin başına nə oyun açmalı olduğunu təsəvvürə gətirmək çətin deyil. Hər halda, kimlərinsə, yumşaq desək, şıltaqlığı ilə oynamağa dəyməz...

Əlqərəz, Paşinyan kifayət qədər açıq gedişlər edir. Məsələn, hayların ərazi iddiası xəstəliyini yol kənarında dayanacaqda olmaq hissi ilə müqayisə edən Nikol obrazlı şəkildə bildirib ki, insan bu halda tam dincələ və ya özünü təhlükəsiz hiss edə bilmir: “Bugünkü siyasi prosesin əsas məqsədi Ermənistan Respublikasının dayanacaq yeri kimi qəbul edilməsini dəyişdirməkdir. Biz çatmışıq”.

Qeyd edək ki, Nikol Qarabağ ermənilərinin də mənzil başına çatdıqlarını vurğulayaraq deyib ki, onlar durğunluq hisslərini dəyişməli və Ermənistanda məskunlaşmalıdırlar: “...bu insanlar da bizim kimi məskunlaşsınlar, dayanacaq hissini təyinat yeri hissi ilə əvəzləsinlər”. Bəli, Paşinyan erməni xalqının dayanacaq hissini təyinat yeri hissi ilə əvəzləməsinə maneçilik törədənləri təhqir edir. Əslində, onun senzuradan kənar ifadələri ikibaşlıdır. Aydındır ki, Nikolu daha çox özündən çıxaran ərazi iddiası məntiqini hay toplumunun canına yeridən xarici qüvvələrdir. O qüvvələr ki, “Qarabağ kartı”nı yenidən işə salıblar və istəkləri bu mənfur kartın vasitəsilə Cənubi Qafqazda təsir dairəsi formalaşdırmaqdır. Axı onlar uzun müddət regiondakı varlıqlarını məhz Azərbaycan və erməni xalqları arasında nifaq toxumları səpməklə, düşmənçilik yaratmaqla sürdürüblər. Hazırda isə bu qüvvələr məğlubiyyətə uğrayıblar və Ermənistandakı parlament seçkiləri belələri üçün revanş şansıdır. Şansı əldən vermək istəmir, tarixi sülh və barış imkanını aradan qaldırmağa səy göstərirlər.

Qərbin və Rusiyanın erməni avantürizmini işə saldığını hər zaman bildirmişik. Amma bu da bir faktdır ki, erməni toplumunun özü də avantürizmə meyillidir. Bu toplumun müstəqil rasional düşüncə qabiliyyəti, böyük ölçüdə, olmayıb. Məsələn, erməni cəmiyyəti azərbaycanlılara və türklərə qarşı düşmənçilik və pataloji nifrətlə nəyi itirdiyinin fərqinə varmayıb. Paşinyan Qarabağ ermənilərinə səslənib onların vətənlərini Ermənistan Respublikası adlandırırsa və bu kateqoriyadan olan hayların Ermənistanda ömür sürməli olduqlarının deyirsə, faktın özü dəhşətlidir. Axı Bakını, Qarabağı, ümumən, Azərbaycanda yaşadığı hansısa rayonu, bölgəni özünə vətən, doğma yurd bilən ermənilər olub və bu zaman heç bir problem yaşanmayıb. Eləcə də Azərbaycanın çoxsaylı digər millətlərin və etniklərin vətəni kimi qəbulunda hansısa çətinlik yoxdur.

Problem o zaman yarandı ki, ermənilər kənar elementlərin təsiri ilə ambisiyalara qapıldılar, daha dəqiq desək, avantürizmin girovuna çevrildilər. Məhz həmin elementlərin “rolunun” nəticəsidir ki, bu gün ermənilərlə azərbaycanlıların dinc yanaşı yaşamaları təsəvvürə gətirilmir. Paşinyan məhz bu vəziyyəti formalaşdıranları söyür: “Talançı heyvanlar. Siz Qarabağ ermənilərini də girov götürmüşdünüz! Bəli, girov götürmüşdünüz! İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ istəyirdinizsə, gedib ölərdiniz də. Niyə yaşayırsınız? Bax, siz, sən niyə yaşayırsan? İndi də gəlib mənimlə beş min nəfər qurban barədə danışırsan, ay alçaq, niyə yaşayırsan? Bəs Şahramanyan niyə yaşayır? Hələ o biriləri demirəm! İndi sizin “parlament”də “deputat” hesab olanlar nə üçün yaşayırlar? Niyə ölməyiblər? İndi gəlib deyirlər ki, beş min qurban gedib. Bəs siz niyə ölmədiniz? Sizi kim qoruyub-saxlayır, ay şərəfsizlər?”. Paşinyan nə dediyinin fərqindədir. Təhqirə “qonaq etdiyi” şəxsləri saxlayanlar var və onlar erməni cəmiyyətini keçmişin mənfi klişelərindən uzaqlaşmağa imkan vermirlər. Belə görünür, parlament seçkiləri yaxınlaşdıqca, Ermənistanda vəziyyət bir qədər də mürəkkəbləşəcək, hətta son dərəcə ciddi qarşıdurmaların və silahlı insidentlərin qeydə alınması mümkündür. Sonda isə əvvəldə haqqında söz açdığımız məqama diqqət yetirək.

Prezident İlham Əliyev mayın 10-da Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşündə bildirmişdi ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq. Baş nazir Paşinyanın təhqirləri sıralaması da onu göstərir ki, erməni xalqının başının dərddə olmasını istəyənlər və Azərbaycana qarşı nifrət hissi ilə yaşayan qüvvələr xeyli aktivləşiblər. Hər halda, Nikolun özündən çıxması, emosiyalarına hakim kəsilə bilməməsi və ilk baxışdan ölkə rəhbərinə yaraşmayan tona keçməsi məhz bununla əlaqədardır.

Belə nəticəcəyə gəlirik ki, Azərbaycan üçün Ermənistan mövzusu, ən azı, qarşıdakı 10-20 il ərzində aktual əhəmiyyət daşıyacaq. Zəngilan sakinləri ilə görüşündə Prezident İlham Əliyev mövcud məqamı da özünəxas şəkildə vurğuladı. Yazımızı dövlətimizin başçısının müdrikliklə səsləndirdiyi aşağıdakı fikirləri təqdim etməklə bitiririk: “Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq”.

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr