AZ

Ramil Cahangirov: “Qarabağa qayıdan insanlar hərəkət azadlığında məhdudiyyət hiss etməməlidirlər”

Ramil
“Ərazilərin təmizlənməsindən danışarkən anlamalıyıq ki, bu, yaşayış məntəqələrinin rəsmi sərhədlərinin sadəcə minalardan təmizlənməsi ilə məhdudlaşmır. Bu ərazilərə qayıdan insanlar özlərini qapalı və ya hərəkətdə məhdud hiss etmədən normal həyat sürə bilməlidirlər”.
1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı günü çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin həlledici rolu” adlı panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə olunması şöbəsinin müdiri Ramil Cahangirov səsləndirib. Onun sözlərinə görə, əgər kimsə yaşayış məntəqəsindən kənara çıxmaq, səfər etmək və ya sərbəst hərəkət etmək istəyirsə, bunu təhlükəsiz şəkildə edə bilməlidir. Məhz buna görə də bu prosesdə bufer zonalar nəzərə alınır. “Bunlar yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən və riskləri azaltmaq, daha təhlükəsiz yaşayış şəraiti yaratmaq məqsədilə mümkün qədər təmizlənən ərazilərdir. Əlbəttə, müvafiq xəbərdarlıq nişanları yerində qalır. Lakin məqsədimiz qayıdan sakinlərin həyatının maksimum normallaşdırılmasını və onların sərbəst hərəkət imkanlarını təmin etməkdir. Qayıdan vətəndaşlarla birbaşa ünsiyyət də az əhəmiyyət daşımır. Məhz bu məqamda ANAMA-nın maarifləndirmə fəaliyyəti və mina təhlükəsi ilə bağlı məlumatlandırma işi əvəzolunmaz rol oynayır. Çünki bütün bunlar sonda insanlar - öz evlərinə qayıdan insanlar naminə həyata keçirilir”, - deyə o bildirib. R.Cahangirov qeyd edib ki, hər hansı ərazi təhlükəsiz elan olunsa belə, ayıqlıq və məlumatlılıq hələ də həyati əhəmiyyət daşıyır. Çünki digər ərazilərdə risklər qalmaqda davam edə bilər. Qayıdan hər bir sakin öz təhlükəsizliyini necə təmin etməli olduğu barədə məlumat və təlimatlar alır. “İctimai maarifləndirmə komponenti texniki minatəmizləmə qədər vacibdir. Sonda qeyd etmək istərdim ki, bu, nəhəng əmək tələb edən bir prosesdir. Əvvəlki sessiyalarda da müzakirə etdiyimiz kimi, “Böyük Qayıdış” proqramı münaqişədən sonrakı bərpanın bütöv bir modelidir və bu model münaqişədən zərər çəkmiş digər ölkələr üçün də dəyərli nümunə ola bilər. Bu geniş çərçivədə minatəmizləmə fəaliyyəti, xüsusilə də hökumət səviyyəsində koordinasiyalı şəkildə həyata keçirilən minatəmizləmə prosesi fundamental dayaqlardan biridir.

Bu, vətəndaşların təhlükəsiz qayıdışının, davamlı bərpanın və uzunmüddətli yenidənqurmanın məsuliyyətli şəkildə necə təmin oluna biləcəyinin parlaq nümunəsidir”, - deyə Ramil Cahangirov vurğulayıb.

Seçilən
26
1news.az

1Mənbələr