“Minatəmizləmə fəaliyyəti ilə bağlı bu cür tədbirlərin keçirilməsi olduqca vacibdir və bugünkü tədbirdə də çox maraqlı müzakirələr aparıldı”.Bu fikirləri Mətbuat.az -a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov media nümayəndələrinə açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycanda "Böyük Qayıdış" proqramına uyğun olaraq genişmiqyaslı fəaliyyət həyata keçirilir və bu proqram çərçivəsində hər bir layihənin vaxtı, mərhələsi və icra olunacağı ərazi dəqiq şəkildə müəyyənləşdirilib. Vüqar Süleymanovun sözlərinə görə, bütün bu fəaliyyətlərdən əvvəl ən vacib məsələ məhz minatəmizləmədir. Çünki təhlükəsizlik təmin olunmadan heç bir tikinti, bərpa və ya məskunlaşma prosesi həyata keçirilə bilməz.Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə kəndlərin yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində intensiv işlər aparılır. Bu proseslərin hər birinin başlanğıcında isə mina təmizləmə fəaliyyəti dayanır.ANAMA sədri vurğulayıb ki, 2020-ci ilin noyabr ayından bu günədək 270 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Aparılan işlər nəticəsində isə 250 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Onun sözlərinə görə, bu rəqəmlər görülən işlərin miqyasını və minatəmizləmənin post-münaqişə dövründə nə qədər həyati əhəmiyyət daşıdığını aydın şəkildə göstərir.Gülbəniz Hüseynli / Mətbuat.az