AZ

UN-Habitat: Mənzil hüquqları yalnız fiziki yaşayış sahəsi deyil, eyni zamanda şəhər planlaşdırması ilə sıx bağlı olan kompleks məsələdir

Bakı, 22 may, AZƏRTAC

Ukraynada davam edən münaqişə nəticəsində yaranan genişmiqyaslı məcburi köç və mənzil fondunun zədələnməsi ölkənin şəhərsalma sisteminə ciddi təsir göstərir.

AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ukrayna üzrə Ölkə Proqramının Baş direktor müavini Mariana Lessa Voita Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibə zamanı əhalinin böyük hissəsi şərq regionlardan ölkənin qərb bölgələrinə köç edib və həmin ərazilər əsas qəbul zonalarına çevrilib.

“Lakin hazırda köçkünlərin yerləşmə dinamikasında dəyişiklik müşahidə olunur və insanlar mümkün qədər öz doğma ərazilərinə yaxın qalmağa üstünlük verirlər. Xarkov və Dnipropetrovsk kimi şərq bölgələrində davam edən intensiv bombardmanlara baxmayaraq, əhali həmin ərazilərdə qalmağa və ya geri qayıtmağa çalışır. Son qiymətləndirmələrə əsasən, Ukraynada mənzil fondunun təxminən 14 faizi zədələnib və ya məhv edilib. Xüsusilə şərq bölgələri və Kiyev ətrafı ərazilər ciddi dağıntılara məruz qalıb. Xarkov şəhəri münaqişənin təsirlərini daha kəskin şəkildə hiss edir. Müharibədən əvvəl 1,4 milyon əhalisi olan və 300 min tələbənin təhsil aldığı şəhərdə universitetlərin fəaliyyəti dayanıb, əhali isə kütləvi şəkildə şəhəri tərk edib. Lakin hazırda daxili köçkünlərin geri qayıtması ilə şəhərin əhalisi yenidən artmaqdadır. Bu isə mənzil fondunun təxminən yarısının zədələndiyi bir şəhərdə ciddi yaşayış və mənzil təminatı problemləri yaradır. Ukraynada mənzil sektoru ilə bağlı mövcud çağırışlar yalnız müharibənin nəticəsi deyil, həm də köhnəlmiş mənzil fondu, sosial mənzil çatışmazlığı, parçalanmış idarəetmə sistemi və boş evlərlə real ehtiyaclar arasındakı uyğunsuzluq kimi struktur problemlərlə də bağlıdır”, - deyə Mariana Lessa Voita qeyd edib.

O, əlavə edib ki, mənzil hüquqları yalnız fiziki yaşayış sahəsi deyil, eyni zamanda şəhər planlaşdırması, sosial ədalət və dayanıqlı şəhər inkişafı ilə sıx bağlı olan kompleks məsələdir.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
16
1
azertag.az

2Mənbələr