2026-cı il mayın 20-də “WUF13 Urban Expo” çərçivəsində QHT Agentliyinin pavilyonunda Davamlı Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Dövlətin şəhərsalma siyasətində mədəni irs nümunələrinin qorunması” adlı sərgi nümayiş etdirilib.
QHT.az xəbər verir ki, sərgi zamanı qonaqlara birliyin sədri Nərminə Qəribova tərəfindən bildirilib ki, dövlətin şəhərsalma siyasətində mədəni irs nümunələrinin qorunması mühüm istiqamətlərdən biridir. Qeyd olunub ki, tarixi abidələrin, qədim memarlıq nümunələrinin, yaşayış məkanlarının və milli-mədəni dəyərlərin mühafizəsi şəhərlərin inkişafı ilə paralel şəkildə həyata keçirilir.
Vurğulanıb ki, müasir şəhərsalma prosesi zamanı tarixi irsin məhv edilməsinin qarşısının alınması, onların bərpası və gələcək nəsillərə çatdırılması əsas məqsədlərdən hesab olunur. Həmçinin bildirilib ki, bu gün bərpa olunan bütün ərazilərimizdə mədəni irs nümunələrinə xüsusi həssaslıqla yanaşılır. Dövlətimizin öz xalqının mədəni irs nümunələri ilə yanaşı, ölkəmizdə yaşayan azlıqların mədəni irs nümunələrinin qorunmasına da eyni diqqət və həssaslıq göstərdiyi qeyd edilib.
Sərgidə təqdim olunan tarixi abidələrin taxta oyma sənəti üzərində işlənməsi qonaqların xüsusi marağına səbəb olub. Tədbir iştirakçılarına oyma sənəti və onun milli dekorativ-tətbiqi sənətdəki yeri haqqında ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədinin şəhərlərin nə qədər müasir inkişaf etməsindən asılı olmayaraq, mədəni irsin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini təbliğ etmək olduğu diqqətə çatdırılıb.