AZ

Bakı–Tbilisi qatarına bilet satışı xaosa çevrildi – Sayt çökdü, 81 manatlıq qiymətlər yoxa çıxdı

Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin satışa çıxarılması sərnişinlər arasında ciddi narazılıq yaradıb. Bilet almaq istəyən vətəndaşlar saytın işləmədiyini, sistemə daxil olmağın çətinləşdiyini bildirirlər. Sosial şəbəkələrdə paylaşım edən istifadəçilər isə əvvəlcədən sayta daxil olsalar da, orada ADY-nin açıqladığı kimi 81 manata bilet tapmadıqlarını deyirlər. Sübut kimi isə rəsmi qiymətləri əks etdirən cədvəli skrin kimi paylaşırlar. Maraqlıdır, bilet almaq üçün xidmət göstərən sayt niyə işləmir və 81 manatlıq minimal gediş haqqı hara yoxa çıxıb?

Məsələ ilə bağlı KONKRET.az Azərbaycan Dəmir Yolları QSC ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, hazırda sistemdə yüksək yüklənmə müşahidə olunur və yaranan problem qısa müddətdə aradan qaldırılacaq:

“Hazırda tələbat hədsiz yüksəkdir. Buna görə sistemdə müəyyən yüklənmələr yaranıb. Minimum qiymətlər göstəriləcək. Məsələn, iyunun 18-i üçün bilet almaq istəyən sərnişin ilkin olaraq 85 manat görə bilər, lakin yekun mərhələdə qiymət 81 AZN kimi əks ediləcək. Yuxarı mərtəbə üzrə biletlərin qiyməti də 81 manatdan başlayır. Artıq 13 nəfər 81 manata bilet əldə edib”.

Saytda yaranan problemlə bağlı isə qurumdan bildirilib ki, Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda həm onlayn satış sistemində, həm də kassalarda müəyyən ləngimələr müşahidə olunur. Qısa zamanda problemin aradan qaldırılması üçün zəruri addımlar atılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
3
konkret.az

1Mənbələr