AZ

Bakı – Ər-Riyad “yaşıl enerji” əməkdaşlığı

Azərbaycanın Səudiyyə Ərəbistanı ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək siyasi, iqtisadi və mədəni sahələrdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə enerji sektoru Bakı ilə Ər-Riyad arasında əməkdaşlığın əsas dayaqlarından biri kimi çıxış edir. Hər iki ölkə zəngin neft və qaz ehtiyatlarına malik olsa da, müasir qlobal çağırışlar fonunda münasibətlərin əsas istiqamətlərindən biri məhz bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olub.

Səudiyyə Ərəbistanının layihə-inkişaf proqramlarının rəhbəri Həsən Alattas yerli mediaya açıqlamasında bildirib ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında enerji sahəsində əlaqələr uzun illərə söykənir və bu əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Onun sözlərinə görə, hələ COVID-19 pandemiyası dövründə Səudiyyə Ərəbistanının energetika nazirinin Azərbaycana səfəri iki ölkə arasında enerji dialoqunun yeni mərhələyə keçməsinə səbəb olub və tərəflər arasında koordinasiya daha da möhkəmlənib.

Qeyd etmək lazımdır ki, son illərdə əməkdaşlığın əsas ağırlıq mərkəzi alternativ və bərpaolunan enerji mənbələrinə yönəlib. Bu baxımdan “ACWA Power” şirkətinin Azərbaycandakı fəaliyyəti xüsusi diqqət çəkir. Səudiyyə Ərəbistanının aparıcı enerji şirkətlərindən biri olan bu qurum hazırda ölkəmizdə irihəcmli investisiya layihələrinin əsas tərəfdaşlarından biridir.

Bu il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə “ACWA Power” tərəfindən inşa edilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı bildirdi ki, bu, “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirdiyi ilk bərpaolunan enerji layihəsidir, lakin sonuncu olmayacaq: “Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir”.

“Xızı-Abşeron” Külək Elektrik Stansiyası texniki və iqtisadi göstəricilərinə görə regionun mühüm layihələrindən biri hesab olunur. Layihənin icrası üçün Abşeron rayonunda 14,2 hektar, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın ərazi ayrılıb. Burada hər birinin gücü 6,5 meqavat olan ümumilikdə 37 külək turbini quraşdırılıb. Onlardan 12-si Abşeron, 25-i isə Xızı rayonunun ərazisində yerləşir. Bununla yanaşı, layihə çərçivəsində müasir ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri və digər ekoloji təhlükəsizlik mexanizmləri tətbiq edilib.

Layihəyə ümumilikdə təxminən 340 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldilib. Stansiyanın illik elektrik enerjisi istehsal gücü təxminən 1 milyard kilovat-saat təşkil edəcək. Bu isə ildə 220 milyon kubmetr təbii qaza qənaət olunması və atmosferə 400 min tondan artıq karbon emissiyasının qarşısının alınması deməkdir. Layihənin baş podratçısı isə Çinin “Power China” şirkətlər qrupunun törəmə müəssisəsi olan “Power China Huadong Engineering Co., Ltd.” olub.

Bərpaolunan enerji sektorunda həyata keçirilən bu irimiqyaslı layihə bir daha göstərir ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq təkcə iqtisadi maraqlara deyil, həm də uzunmüddətli strateji hədəflərə əsaslanır. Tərəflər bu münasibətləri gələcəyin enerji təhlükəsizliyinin təmin olunması baxımından vacib hesab edir. Eyni zamanda, iki ölkə regional interkonnektor layihələri, “yaşıl enerji” dəhlizlərinin yaradılması və təmiz enerjinin daha geniş bazarlara ixracı istiqamətində də əməkdaşlıq imkanlarını geniş şəkildə müzakirə edir.

Məlum olduğu kimi, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında müəyyən edilmiş beş əsas milli prioritetdən biri “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” konsepsiyasıdır. Bu prioritet ölkənin enerji siyasətinin gələcək konturlarını müəyyənləşdirən əsas istiqamətlərdən biri hesab olunur. Qlobal iqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda ekoloji təmiz texnologiyaların tətbiqi, alternativ enerji mənbələrinin genişləndirilməsi və karbon emissiyalarının azaldılması dövlət siyasətinin əsas məqsədləri sırasındadır.

Bu çərçivədə ölkənin iqtisadi inkişafı ilə yanaşı, ətraf mühitin qorunması, yaşıllıq sahələrinin bərpası və genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə, həmçinin dayanıqlı enerji sisteminin formalaşdırılması prioritet məsələ kimi müəyyən olunub. Strateji hədəflərin uğurla həyata keçirilməsi üçün ölkədə “yaşıl enerji zonaları”nın sayının artırılması xüsusi əhəmiyyət daşıyır. Alternativ və bərpaolunan enerji mənbələrinin ilkin istehlakda payının artırılması, iqlim dəyişikliklərinin mənfi təsirlərinin azaldılması baxımından mühüm rol oynayır. Bununla yanaşı, ekoloji təmiz nəqliyyat vasitələrinin istifadəsinin genişləndirilməsi də atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Bütün bu proseslər onu deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda bərpaolunan enerji layihələrinin miqyası daha da genişlənəcək. Bu kontekstdə “ACWA Power” şirkətinin ölkəmizdə yeni layihələrə imza atacağı da istisna edilmir. Hazırda Azərbaycanın müxtəlif bölgələrində alternativ enerji layihələri uğurla həyata keçirilir. Yeni iri enerji obyektlərinin Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə istifadəyə verilməsi planlaşdırılır.

Artıq Qaradağ rayonunda 230 meqavat gücündə Günəş elektrik stansiyası və “Xızı-Abşeron” Külək Elektrik Stansiyası fəaliyyət göstərir. Cəbrayıl rayonunda isə hazırda üç yeni günəş elektrik stansiyasının tikintisi davam edir. Bu layihələrin ümumi gücü 340 meqavat təşkil edir ki, bu da ölkənin enerji balansında alternativ mənbələrin payının daha da artmasına ciddi töhfə verəcək.

Azərbaycanın coğrafi mövqeyi və təbii resursları isə bu sahədə ölkəyə xüsusi üstünlüklər qazandırır. Ölkənin demək olar ki, bütün bölgələrində bərpaolunan enerji mənbələrinin inkişafı üçün geniş imkanlar mövcuddur. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda mövcud olan külək enerjisi potensialı beynəlxalq qiymətləndirmələrə əsasən 157 giqavat səviyyəsində dəyərləndirilir. Bu rəqəm region üçün böyük enerji potensialı deməkdir. Ekspertlərin qənaətinə görə, mövcud potensial və həyata keçirilən ardıcıl dövlət siyasəti Azərbaycanın yaxın gələcəkdə regionun ən etibarlı və yüksək elektrik generasiya gücünə malik ölkələrindən birinə çevriləcəyini göstərir.

Musa BAĞIRLI
XQ

Seçilən
25
1
xalqqazeti.az

2Mənbələr