
Araşdırmalar göstərir ki, yeniyetmələr arasında intihar düşüncələrinin yaranması valideynlərin emosional münasibəti və davranışları ilə birbaşa əlaqəlidir.
Yeniavaz.com xəbər verir ki, bu nəticə Sinsinnati Universiteti tərəfindən aparılan araşdırmada ortaya çıxıb.
Tədqiqat zamanı ABŞ-də keçirilən “2012-ci il Narkotik İstifadəsi və Sağlamlığı üzrə Milli Sorğu”nun nəticələri yenidən təhlil olunub.
Məlum olub ki, 12–17 yaş arası uşaqlar valideynlərindən kifayət qədər diqqət və emosional dəstək görmədikdə intihar haqqında daha çox düşünür, hətta buna cəhd etməyə daha meylli olurlar.
Nəticələrə görə, ən riskli yaş qrupu 12 və 13 yaşlı uşaqlar olub. Valideynləri onlarla fəxr etdiyini nadir hallarda deyən uşaqlarda intihar düşüncəsi təxminən 5 dəfə daha çox müşahidə edilib. Həmçinin bu uşaqlarda intihar planı qurmaq və intihara cəhd etmək ehtimalı yaşıdları ilə müqayisədə təxminən 7 dəfə yüksək olub.
Tədqiqat göstərib ki, 16–17 yaşlı yeniyetmələrdə risk nisbətən azalsa da, valideyn diqqətinin olmaması bu yaşlarda da ciddi təsir göstərir. Məsələn, valideynləri onlarla fəxr etdiyini deməyən yeniyetmələrdə intihar düşüncəsi və intihar planı qurmaq ehtimalı digərlərinə nisbətən bir neçə dəfə yüksək olub.
Araşdırmada valideynlərin uşaqlara “səninlə fəxr edirəm”, “yaxşı iş görmüsən” kimi sözlər deməsinin, onlarla vaxt keçirməsinin və ev tapşırıqlarında kömək etməsinin böyük əhəmiyyət daşıdığı vurğulanıb.