Son günlər "TikTok" sosial şəbəkəsində geniş reklan olunan "Sugo" proqramı ilə bağlı narahatlıq ifadə edən paylaşımlar edilir. Valideynlər övladlarının tətbiqdə uzun müddət vaxt keçirdiyini, tanımadığı insanlarla sərbəst ünsiyyət qurduğunu bildirirlər.
Əvvəlcə qeyd edək ki, "Sugo" istifadəçilərə səs otaqları, canlı yayımlar və videozənglər vasitəsilə dünyanın müxtəlif yerlərindən insanlarla əlaqə yaratmağa imkan verən sosial platformadır. Tətbiq rəsmi olaraq 18 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulsa da, yaş yoxlama mexanizminin zəifliyi səbəbindən uşaqlar da asanlıqla qeydiyyatdan keçə bilirlər. İddialara görə, tətbiqə qoşulan istifadəçilərdən video və şəxsi şəkillər tələb olunur.
Ötən gün sosial şəbəkələrdə səs yazısı yayılan bir qadın bu məsələ ilə bağlı narahatlığını dilə gətirib. Onun sözlərinə görə, 13 yaşlı qızı bu tətbiqdən istifadə etdikdən sonra davranışlarında dəyişiklik hiss edilib. O xəstəlik adı ilə bir həftə işdən icazə alıb qızını izləməyə başlayıb və bu səbəbdən hətta hüquq-mühafizə orqanlarına müraciət edib.
Valideynlərin sözlərinə görə, tətbiqdə uşaqlara asan qazanc vəd edilir, onlar canlı yayım mühitinə cəlb olunur və müxtəlif manipulyasiya üsullarına məruz qalırlar.
Maraqlıdır, belə halda uşaqların təhlükəsizliyinə kim cavabdehdir?