Azərbaycan və Tacikistan arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi, investisiya imkanları və biznes əlaqələrinin inkişafı biznes forumunda müzakirə olunub. Bu fikirləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışı zamanı səsləndirib.
O bildirib ki, iki ölkə arasında mövcud yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaradır. Onun sözlərinə görə, 2023-cü ilin aprelində Azərbaycan Prezidentinin Tacikistana dövlət səfəri çərçivəsində KOBİA ilə Tacikistanın Ticarət-Sənaye Palatası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb və hazırda əsas məqsəd həmin sənədin konkret layihələrlə zənginləşdirilməsidir.
Orxan Məmmədov qeyd edib ki, KOBİA sahibkarlığın inkişafı istiqamətində müxtəlif dəstək mexanizmləri təqdim edir və “vahid pəncərə” prinsipi əsasında xidmət göstərir. O vurğulayıb ki, biznesin inkişafı mərkəzləri vasitəsilə sahibkarlara təlimlər, məsləhət xidmətləri və inkubasiya proqramları təqdim olunur.
KOBİA sədri qadın sahibkarlığının inkişafına da xüsusi diqqət ayrıldığını və bu sahədə əldə olunan təcrübənin tərəfdaş ölkələrlə paylaşılmasına hazır olduqlarını bildirib.
O həmçinin investorlar üçün Azərbaycanda tətbiq olunan təşviq mexanizmlərinə toxunaraq vergi və gömrük güzəştlərinin xarici investorlar üçün əlavə imkanlar yaratdığını qeyd edib.
Orxan Məmmədov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş investisiya potensialının mövcud olduğunu vurğulayaraq bildirib ki, həmin ərazilərdə tikinti, turizm, kənd təsərrüfatı, logistika, emal sənayesi və yaşıl iqtisadiyyat prioritet istiqamətlər hesab olunur.
O əlavə edib ki, nəqliyyat və tranzit imkanları, xüsusilə Orta Dəhliz marşrutu, eləcə də aqrar-sənaye, yüngül sənaye, turizm və yaşıl iqtisadiyyat gələcək əməkdaşlığın əsas istiqamətlərindən biridir.