Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
Yeni dünya nizamında regional güclərin rolu getdikcə daha da artır və qlobal güc mərkəzləri ilə yanaşı, orta səviyyəli aktorlar da beynəlxalq siyasətin formalaşmasında fəal iştirak edirlər. Türkiyə, Hindistan, İran və Səudiyyə Ərəbistanı kimi ölkələr həm geosiyasi mövqeləri, həm də iqtisadi potensialları ilə regional balansı müəyyən edən əsas oyunçulara çevriliblər. Bu dövlətlər enerji, təhlükəsizlik və ticarət sahələrində apardıqları siyasətlə qlobal sistemdə çoxqütblülüyün formalaşmasına təsir göstərirlər.Regional güclərin artan rolu gələcəkdə qlobal idarəetməni daha balanslı bir sistemə aparacaq, yoxsa rəqabəti daha da kəskinləşdirəcək?
Politoloq Əli Mustafa Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyada mövcud beynəlxalq sistem tədricən transformasiya olunur və uzun illər hökm sürən geosiyasi düzənin zəiflədiyi müşahidə edilir.
Yeni dünya nizamının konturları tam formalaşmasa da, artıq əsas prinsiplər görünməkdədir: güc mərkəzlərinin coğrafi və siyasi əsaslarla yenidən bölüşdürülməsi prosesi gedir.
Politoloqun fikrincə, bu mərhələdə yalnız qlobal güclər deyil, regional və orta güclər də beynəlxalq münasibətlərin yeni arxitekturasının qurulmasında mühüm rol oynayırlar. Çünki artıq bir çox regional aktorların öz təsir zonalarını formalaşdırmaq və siyasi-iqtisadi bloklar yaratmaq potensialı yaranıb: “Hazırkı proses əslində mövcud qlobal sistemin tədricən parçalanması və yeni siyasi blokların meydana çıxması ilə xarakterizə olunur. Təbii ki, bu cür transformasiyalar tarix boyu olduğu kimi, rəqabət, qarşıdurma, siyasi təzyiq və hərbi faktorların təsiri ilə müşayiət edilir. Yeni dünya düzəninin formalaşması asan və ağrısız proses deyil”.
Tarix göstərir ki, beynəlxalq sistemlərin yenilənməsi çox zaman müharibələrdən, ciddi geosiyasi toqquşmalardan və güc balansının dəyişməsindən sonra baş verir.
Bu gün də fərqli vasitələrdən istifadə olunsa belə, əsas müəyyənedici amil yenə gücdür. Güclü dövlətlər və siyasi mərkəzlər gələcək beynəlxalq düzənin əsas qaydalarını müəyyənləşdirəcək və digər ölkələri öz ətraflarında birləşdirməyə çalışacaqlar. Bu səbəbdən yaxın dövrdə dünya siyasətində həm rəqabət, həm də lokal və regional münaqişələrin davam etməsi ehtimalı yüksəkdir.
Politoloqun fikrincə, prosesin növbəti mərhələsində sistem tədricən oturuşduqca daha balanslı və çoxqütblü beynəlxalq münasibətlər modelinin formalaşması mümkündür. Belə bir düzəndə güc tam şəkildə bir mərkəzdə cəmlənməyəcək, müxtəlif siyasi və iqtisadi mərkəzlər arasında paylaşılacaq. Bu isə rəqabətin davam etməsinə baxmayaraq, daha stabil və nisbətən harmonik beynəlxalq sistemin yaranmasına zəmin yarada bilər.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.