Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində diqqətin mənzil məsələlərinə yönəldilməsi son dərəcə vaxtında atılmış aktual addımdır.
Day.Az xəbər verir ki, bunu Avropa Komissiyasının mənzil məsələləri üzrə işçi qrupunun rəhbəri Mettyu Bolduin Bakıda WUF13 çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə deyib.
"Mənzil böhranı yalnız kərpic və beton məsələsi deyil. Bu problem sosial həmrəyliyə, rəqabət qabiliyyətinə, əmək bazarının mobilliyinə və təhsilə, hətta demoqrafiya və demokratik proseslərə də təsir göstərir. Ümid edirəm ki, bu tədbir bir çox ölkələrdə böhrana səbəb olan müxtəlif amilləri daha yaxşı anlamağa və daha önəmlisi, dünyanın müxtəlif dövlət və regionlarının bu problemin müxtəlif aspektlərini necə həll etməsi ilə bağlı bilik və yanaşmaları mübadilə etməyə imkan verəcək. Bakıda keçirilən WUF13 çərçivəsində diqqətin mənzil məsələsinə yönəldilməsi bundan daha vaxtında və aktual ola bilməzdi! Şəhər ölçüsü son dərəcə vacibdir, çünki xüsusilə Avropanın iri şəhərlərində mənzilin əlçatanlığına ciddi təzyiqlərin şahidi oluruq. Öz növbəsində, Avropa Komissiyası artıq Avropa Əlçatan Mənzil Planını təqdim edib və öz təcrübəsini bölüşməyi, həmçinin dünyanın digər regionlarının yanaşmalarını öyrənməyi planlaşdırır", - deyə o bildirib.
Bolduin qeyd edib ki, Avropada mənzil siyasəti ilk növbədə Aİ-yə üzv dövlətlərin, regionların, şəhərlərin və yerli idarəetmə orqanlarının səlahiyyətinə daxildir və onlar effektiv milli və lokal həllərin tapılması istiqamətində aktiv iş aparır.
"Mənzil məsələləri üzrə işçi qrupu 2025-ci ildə komissar Dan Yorgensen rəhbərliyi altında yaradılıb və o, WUF13 çərçivəsində keçirilən dialoq sessiyasının açılışında güclü mesajla çıxış edib. Qrupun məqsədi Aİ ölkələri və şəhərlərinə mənzil böhranının aradan qaldırılmasında Avropa İttifaqı səviyyəsində əlavə dəyər yaradaraq necə yardım göstərə biləcəyimizi müəyyən etməkdir. Ötən ilin dekabrında biz tarixdə ilk dəfə olaraq əlçatan mənzil üzrə Avropa Planını qəbul etdik. Bu plan əlçatan mənzil fondunun artırılmasına, maliyyələşmənin səfərbər edilməsinə, zəruri islahatların həyata keçirilməsinə və xüsusilə gənclər başda olmaqla ən həssas əhali qruplarının dəstəklənməsinə yönəlib. Bununla yanaşı, evsizlərin sayının artması kimi qəbuledilməz problem də diqqətdən kənarda qalmır", - deyə mənzil məsələləri üzrə işçi qrupunun rəhbəri bildirib.
Aİ-nin mənzil siyasətində əlçatanlıq, dayanıqlılıq və enerji səmərəliliyi arasında balans yaratmaq istiqamətində göstərdiyi səylərdən danışan Bolduin qeyd edib ki, belə bir balansı təmin etmək göründüyü qədər çətin deyil.
"Enerji səmərəliliyi özü-özlüyündə mənzilin əlçatanlığını təmin edən mühüm alətdir. Enerji baxımından daha aşağı səmərəliliyi olan binaların yenilənməsi enerji xərclərini azaldır, insanların sağlamlığını və yaşayış komfortunu yaxşılaşdırır ki, bu da birbaşa mənzil əlçatanlığını dəstəkləyir. Maliyyə resurslarının səfərbər edilməsi və həssas ev təsərrüfatlarının qorunması hesabına biz maliyyə vəsaitlərini elə birləşdirə və strukturlaşdıra bilərik ki, renovasiya və yeni tikinti həm investorlar üçün cəlbedici, həm də sakinlər üçün əlçatan olsun. Məqsəd keçid dövrünün xərclərinin onları daşımaq imkanı ən zəif olan insanların üzərinə düşməsinin qarşısını almaqdır. Mənzil üzrə Avropa Alyansı çərçivəsində biz tikinti sektorunda emissiyaların azaldılması və binaların dayanıqlılığının artırılması ilə yanaşı, xərclərin nəzarətdə saxlanmasına imkan verən ən yaxşı təcrübələrin tətbiqini və yayılmasını təşviq edəcəyik. Lakin yadda saxlamaq vacibdir ki, bütün mənzil siyasətində olduğu kimi, dayanıqlılıq və əlçatanlıq da yerli xüsusiyyətlər nəzərə alınmaqla təmin edilməlidir", - deyə o izah edib.
Bolduin əlavə edib ki, Avropada böyük müxtəliflik mövcuddur və qlobal səviyyədə bu müxtəliflik daha da qabarıq nəzərə çarpır.
"Buna görə də biz qətiyyən iddia etmirik ki, Avropada işləyən model mütləq hər yerdə də işləyəcək. Bununla belə, daha beynəlmilləl tətbiq imkanına malik ideyalar mövcuddur. Bütün tərəflər yerli konteksti nəzərə alaraq mənzil problemlərinin həlli üzərində birgə çalışmalıdırlar. Biz əmin olduq ki, beynəlmilləl həll yolu yoxdur, lakin əməkdaşlıq yerli səviyyədə faydalı ola biləcək nümunələrin tapılmasına kömək edir. Buna görə də ən yaxşı təcrübələrin mübadiləsi və qarşılıqlı dəstək həlledici əhəmiyyət daşıyır. Məhz bu səbəbdən biz yaxınlarda üzv dövlətlər, şəhərlər, regionlar, Aİ institutları və digər maraqlı tərəflər arasında əməkdaşlığı təşviq edən və bu məqsədləri dəstəkləyən Mənzil üzrə Avropa Alyansını yaratdıq. Aİ səviyyəsində biz bu yolun başlanğıcındayıq: artıq yerli səviyyədə mənzil tikintisini dəstəkləməyə yönəlmiş Avropa əlçatan mənzil planında nəzərdə tutulan çoxsaylı tədbirlərin icrasına başlanılıb. Mən səmimi şəkildə hesab edirəm ki, WUF13 kimi tədbirlər yeni ideyaların irəli aparılmasına kömək edir. Avropadakı mənzil böhranı əsasən urbanizasiya ilə bağlı şəhər hadisəsidir. Buna görə də ümid edirəm ki, bizim təcrübəmizdə dünyanın sürətlə urbanizasiya olunan regionları üçün də faydalı dərslər olacaq", - deyə mənzil məsələləri üzrə işçi qrupunun rəhbəri vurğulayıb.
Bolduinin sözlərinə görə, əlçatan mənzil fondunun əhəmiyyətli dərəcədə artırılması özəl sektorun fəal iştirakını tələb edəcək.
"Dövlət sektorunun iştirakı xüsusilə ən həssas əhali qrupları, o cümlədən kirayə haqqını ödəyə bilməyən və evsiz qalmaq riski ilə üzləşən insanlar üçün son dərəcə vacib olaraq qalır. Mənzil bazarının aşağı seqmentində özəl investisiyaların cəlb edilməsi xüsusilə çətindir. Lakin biz "uzunmüddətli və məsuliyyətli kapital"dan daha fəal istifadə edə bilərik və etməliyik də. Biz buna borcluyuq, çünki yalnız dövlət investisiyaları heç vaxt kifayət etməyəcək. Bu gün stabil işi olan, lakin bazar qiymətləri ilə mənzil ala bilməyən müəllimlərin, tibb bacılarının, yanğınsöndürənlərin və polis əməkdaşlarının sayı artır. Bu yeni seqmentdə dövlət dəstəyi özəl investisiyaların cəlb edilməsinə yönəldilə bilər. Müvafiq olaraq, dövlət müdaxiləsinin rolu kapitallaşma tələb edən qrantlardan zəmanətlər və subsidiyalaşdırılmış kreditlər də daxil olmaqla daha geniş maliyyə alətləri spektrinə keçə bilər. Hər bir halda, hamımız prosedurların sadələşdirilməsi və tənzimləyici çevikliyin artırılması istiqamətində çalışmalıyıq. Əlçatan mənzil tikintisi prosesini daha sadə və daha çevik etmək lazımdır", - deyə o bildirib.
Bolduin vurğulayıb ki, qlobal miqyaslı mənzil böhranının həlli yollarının tapılması üçün beynəlxalq əməkdaşlıq son dərəcə vacib olacaq.
"Biz əsasən Avropadakı böhranın necə həll olunması üzərində düşünmüşük, lakin zaman-zaman bu çərçivədən kənara çıxaraq Azərbaycan kimi ölkələrdə mənzil probleminin müxtəlif aspektlərini anlamaq çox faydalıdır. Bu, bizim üçün möhtəşəm ev sahibi ölkədən öyrənmək baxımından əla imkandır. Bizi çox səmimi və mehriban qarşılayan gözəl Bakı şəhərində olmaqdan böyük məmnunluq duyuruq", - deyə o yekunlaşdırıb.