AZ

Putinin “yanından” Bakıya DİL uzadan erməni – 2021-dən axtarışdadır!

Ermənistanda kritik parlament seçkilərinə 16 gün qaldı. 17 blok və 2 partiyadan ibarət seçki bülletenində Baş nazir Nikol Paşinyanın sədri olduğu hakim “Vətəndaş Müqaviləsi” partiyası 16-cı yerdə qərarlaşıb. Əgər 16 gün sonra “16-cı” qalib olmasa, yəni cəmiyyət sülhü seçməsə, qonşu ölkəni həqiqətən daha böyük kataklizmlər gözləyir. Çünki o halda qələbə “müharibə partiyası”na keçəcək – bütün mümkün nəticələri ilə birgə.

Bu barədə həm daxildən, həm də xaricdən, özəlliklə Azərbaycandan yetərincə xəbərdarlıqlar edilib və edilir. Yeganə Rusiyadır ki, orada məhz radikal-revanşistlərin uğur qazanıb hakimiyyətə gəlməsini istəyirlər. Səbəblər aşağı-yuxarı məlum. Bu haqda kifayət qədər yazılıb.

Rusiyada bunu təkcə istəmirlər, həm də bu yöndə konkret addımlar atırlar. Hətta Paşinyanı açıq şəkildə təhdid etməyə, fiziki terrorla hədələməyə başlayıblar. Bu da növbəti fakt.

Dünən Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Komissiyasının sədri, eyni zamanda, Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan 7 iyun seçkiləri ilə bağlı ərazi bütövlüyümüzü açıq şəkildə sual altına alan və müharibə ritorikasını körükləyən müraciət yayıb. Paşinyanın seçki kampaniyasında səsləndirdiyi fikirləri sərt tənqid edən revanşist görün nə çərənləyir. Sitat: “Cənab Paşinyan, əgər çağırışlarımıza qulaq asıb 2019-cu ildə getsəydiniz 2020-ci ildə müharibə olmazdı. Əgər çağırışlarımıza qulaq asıb 2021-ci ildə getsəydiniz, “artsax” bu gün ermənilərin olardı, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın strateji ərazilərini işğal etməzdi, Əliyev sizi təhqir etməzdi və erməni xalqını təhdid etməzdi, ermənilər isə Bakı həbsxanalarında oturmazdılar”...

Sirr deyil ki, Azərbaycana nifrəti bitib-tükənməyən Abramyan Rusiyada cəzasızlıq mühitindən istifadə edərək, 44 günlük müharibədən sonra da ölkəmizə qarşı təxribatçı əməllərindən qalmayıb. Misal üçün, onun dəstəyi ilə 2021-ci ilin aprelində Parisdə təşkil olunan “Artsax – sivilizasiyanın beşiyi” adlı üzdəniraq sərgidə Qarabağ “müstəqil dövlət” kimi təqdim edilmişdi. Sərgidə Qarabağ ermənilərinin, guya, “soyqırıma məruz qalması” iddiası da irəli sürülürdü.

Ən mühümü odur ki, Azərbaycan vaxtilə bu zata qarşı cinayət işi qaldıraraq axtarışa verib. Səbəb onun İkinci Qarabağ müharibəsi zamanı işğalçı-separatçılara Rusiyadan dəfələrlə silah-sursat göndərilməsini təşkil eləməsi olub. Amma bu şərəfsizi Bakıya təhvil vermək, yaxud heç olmasa, Rusiya qanunu ilə cəzalandırmaq əvəzinə, ona Putinin yanında yüksək vəzifə, hətta orden verilib. Eləcə də hazırda Ermənistanda baş nazirliyə iddiaçılardan olan digər rusiyalı oliqarx-milyarder Samvel Karapeyana qarşı Bakı illər öncə analoji ittihamlar irəli sürüb...

Baş

2021-ci ildə Azərbaycan Baş Prokurorluğunun bu xüsusda yaydığı məlumatda deyilirdi ki, “Taşir” şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan, Ermənistanda “boz biznesmen” kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan və “KOMEX” şirkətinin baş direktoru Ara Abramyan və qeyriləri Ermənistan Silahlı qüvvələrini qanunsuz olaraq silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz edilməsi üçün 2001-2021-ci illər ərzində müxtəlif vaxtlarda hava yolu ilə “Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, “Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi ilə, eləcə də Ara Abramyan tərəfindən alınmış “İLYUSHİN-76TD” tipli, yük daşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iri çaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistana və işğal altındakı Dağlıq Qarabağa və ətraf rayonlara qaçaq yollarla daşınmasını təşkil edib.

“Qeyd edilən əməllərə görə onlar CM-nin 100.1 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama), 218.1 (ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 206.4-cü ( qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarış elan edilib. Baş Prokurorluq tərəfindən xarici ölkələrin aidiyyəti dövlət qurumlarına hüquqi yardımın göstərilməsi haqqında vəsatətlər göndərilib”, - rəsmi məlumatda vurğulanırdı.

Hanı bəs? Rusiya onların heç gözünə də üfürmədi. Əksinə, birini Ermənistana – Paşinyanı devirmək üçün göndərib, digərinə isə “Vətən qarşısında xidmətlərə görə” orden verərək (2025), yuxarı başa çəkiblər. Gəl indi Putinin Azərbaycanla bağlı səmimiliyinə inan görüm necə inanırsan...

Analitik xidmət,
Musavat.com 

Seçilən
13
2
musavat.com

3Mənbələr