AZ

Ankara yeni dövrə hazırlaşır: Ərdoğanın erkən seçki strategiyasının pərdəarxası

Müasir beynəlxalq münasibətlər sistemində baş verən sürətli transformasiyalar, qlobal təhlükəsizlik arxitekturasının dağılması, regional müharibələr və yeni güc mərkəzlərinin formalaşması fonunda Türkiyə öz siyasi sistemini və idarəetmə mexanizmini yeni mərhələyə uyğunlaşdırmağa çalışır. Son dövrlərdə Türkiyədə baş verən daxili siyasi proseslər, müxalifət düşərgəsində parçalanmalar, CHP daxilində böhran, bələdiyyə rəhbərləri və millət vəkillərinin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) transferi, hakimiyyət daxilində seçki hazırlığı xarakteri daşıyan struktur dəyişiklikləri Ankaranın növbədənkənar prezident və parlament seçkilərinə hazırlaşdığı barədə iddiaları gücləndirir.

Bu proseslər artıq təkcə daxili siyasi taktika deyil. Ankara yeni dünya düzəninin formalaşdığı bir mərhələdə Türkiyənin gələcək mövqeyini müəyyənləşdirmək üçün siyasi legitimliyi yeniləməyə və dövlət idarəçiliyini daha çevik hala gətirməyə çalışır.

Qlobal böhranlar Ankaranı siyasi qərar verməyə məcbur edir
Hazırda Türkiyənin qarşısında son onilliklərin ən mürəkkəb geosiyasi mənzərəsi dayanır. Rusiya-Ukrayna müharibəsi Qara dəniz təhlükəsizlik sistemini dəyişdirib. Yaxın Şərqdə İsrail-İran qarşıdurmasının genişlənməsi ehtimalı regionu böyük müharibə riski ilə üz-üzə qoyub. Körfəzdə enerji və təhlükəsizlik böhranı dərinləşir. NATO daxilində isə ciddi fikir ayrılıqları yaranıb və alyansın gələcək funksional modeli müzakirə olunur.

Belə bir dövrdə Türkiyə həm NATO daxilində, həm Rusiya ilə münasibətlərdə, həm də İslam dünyasında balans yaradan əsas aktora çevrilib. Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verilən son mesajlar da göstərir ki, Ankara artıq mövcud qlobal sistemin dəyişdiyini açıq şəkildə qəbul edir və Türkiyəni yeni düzənin əsas oyunçularından birinə çevirməyə çalışır.

Ərdoğanın NATO ilə bağlı açıqlamalarında “köhnə dünyanın bitdiyi”, “təhdidlərin mürəkkəbləşdiyi”, “qlobal sistemin aşındığı” fikirlərini vurğulaması təsadüfi deyil. Bu, əslində Türkiyənin yeni təhlükəsizlik konsepsiyasının ideoloji əsaslandırılmasıdır. Ankara anlayır ki, yaxın illərdə dünya daha sərt geosiyasi qarşıdurmalar mərhələsinə daxil olacaq və belə şəraitdə zəif koalisiyalarla deyil, güclü siyasi legitimliklə idarə olunan dövlətlər üstünlük qazanacaq.

Erkən seçki: hakimiyyət məsələsindən daha böyük strateji plan
Türkiyədə mümkün növbədənkənar seçkiləri yalnız Ərdoğanın yenidən namizədliyi prizmasından qiymətləndirmək doğru olmaz. Burada əsas məsələ dövlətin yeni geosiyasi mərhələyə hazırlanmasıdır.
Çünki Ankara hazırda bir neçə paralel strateji hədəf üzərində işləyir:
Türkiyəni regionun əsas təhlükəsizlik mərkəzinə çevirmək; 
“Terrorsuz Türkiyə” konsepsiyasını reallaşdırmaq; 
Müdafiə sənayesini qlobal gücə çevirmək; 

Türk dünyasının yeni  dünya düzənində güc mərkəzi kimi formalaşdırılmasına nail olmaq; 
Avropa Birliyi ilə münasibətlərdə yeni siyasi mərhələyə keçmək; 
Yaxın Şərq, Qafqazda, Balkanlarda, Mərkəzi Asiyada  geosiyasi təsir imkanlarını artırmaq. 
Bu hədəflərin reallaşdırılması isə daxildə siyasi sabitlik və güclü parlament dəstəyi tələb edir. Xüsusilə Konstitusiyanın 116-cı maddəsinə əsasən Ərdoğanın yenidən namizədliyi üçün parlamentdə 360 səsin təmin olunması hakimiyyətin əsas strateji hesablamasına çevrilib.
Məhz bu səbəbdən son aylarda müxalifətdən AKP-yə transferlər intensivləşib. CHP, DEVA, Gələcək və İYİ Partiyadan ayrılan deputatların hakim düşərgəyə keçməsi sıradan siyasi hadisə deyil. Bu, parlament arifmetikasını dəyişdirməyə hesablanmış uzunmüddətli planın tərkib hissəsidir.

CHP-də böhran və müxalifətin zəifləməsi
Türkiyədə erkən seçki ehtimalını gücləndirən əsas amillərdən biri də müxalifətin dərin daxili böhran yaşamasıdır. Xüsusilə Cümhuriyət Xalq Partiyası (CHP daxilində baş verən proseslər partiyanın vahid siyasi xətt formalaşdırmaqda çətinlik çəkdiyini göstərir.
Bələdiyyə rəhbərləri ilə mərkəzi rəhbərlik arasında fikir ayrılıqları, ideoloji parçalanma, seçki strategiyası ətrafında ziddiyyətlər və liderlik böhranı müxalifətin hakimiyyət alternativi kimi çıxış imkanlarını zəiflədir.
Hakim AKP isə əksinə, dövlət resurslarını, yerli idarəetmə mexanizmlərini və regional layihələri seçki strategiyasının əsas elementinə çevirir. Prezident Ərdoğanın nazirlərə yarımçıq investisiyaların sürətlə tamamlanması barədə göstəriş verməsi də əslində seçkiöncəsi sosial-iqtisadi hazırlıq mərhələsidir.

AKP-nin yeni seçki modeli: “əyalət diplomatiyası”
Hakim partiyanın son dövrdə tətbiq etdiyi yeni idarəetmə modeli diqqət çəkir. Nazirlərin millət vəkilləri ilə artıq qrup şəklində deyil, əyalət-əyalət görüşməsi Ankara üçün yeni siyasi texnologiyanın formalaşdırıldığını göstərir.
Bu modelin əsas məqsədi: regional narazılıqları vaxtında müəyyən etmək;  seçicilərin sosial-iqtisadi problemlərini birbaşa mərkəzə çatdırmaq; yerli layihələrin icrasını sürətləndirmək; iqtisadi narazılığı minimuma endirməkdir. 

Əslində AKP iqtisadi böhranın seçki riskinə çevrilməsinin qarşısını almağa çalışır. Çünki Türkiyə hakimiyyəti anlayır ki, növbəti seçkilərin taleyini milli təhlükəsizlik qədər iqtisadi rifah məsələsi də müəyyən edəcək.
Bu baxımdan Mehmet Şimşekin rəhbərlik etdiyi iqtisadi proqramın nəticələrinin 2027-ci ilə qədər hiss olunacağı barədə proqnozlar təsadüfi deyil.

NATO Zirvəsi və Ankaranın yeni missiyası
2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO Liderlər Zirvəsi Türkiyə üçün strateji dönüş nöqtəsinə çevrilə bilər. Türkiyə bu zirvə vasitəsilə özünü təkcə regional dövlət deyil, yeni təhlükəsizlik sisteminin əsas qurucularından biri kimi təqdim etməyə çalışır.
Ərdoğanın “Yeni dünya qurulub” mesajı faktiki olaraq Ankaranın artıq post-Qərb geosiyasi mərhələsinə hazırlaşdığını göstərir. Türkiyə NATO daxilində daha müstəqil, daha sərt və daha çox söz sahibi olan aktor modelini önə çıxarır.
Bu isə həm Vaşinqton, həm Brüssel, həm də bəzi regional güclərlə ziddiyyət yaradır.

Avropa Birliyi məsələsi: Ankara qapını bağlamır
Ərdoğanın Avropa Birliyi ilə bağlı son açıqlamaları da diqqət çəkir. Ankara anlayır ki, Avropa ciddi siyasi, enerji və təhlükəsizlik böhranı yaşayır. ABŞ-dan strateji asılılıq artır, iqtisadi rəqabət qabiliyyəti zəifləyir, daxildə isə sağ-populist dalğa güclənir.
Belə bir şəraitdə Türkiyə özünü Avropa üçün “strateji xilas platforması” kimi təqdim etməyə çalışır. Ərdoğan açıq şəkildə mesaj verir ki, Türkiyə Avropa üçün yük deyil, əksinə, onu gücləndirəcək aktordur.
Bu yanaşma həm də Türkiyənin özünü yeni dünya düzənində müstəqil güc mərkəzi kimi gördüyünü göstərir.

“Terrorsuz Türkiyə” və daxili təhlükəsizlik faktoru
Erkən seçki planlarında ən mühüm məsələlərdən biri də “Terrorsuz Türkiyə” strategiyasıdır. Ankara hesab edir ki, PKK və regiondakı digər silahlı strukturlara qarşı mübarizənin uğurla başa çatdırılması Türkiyənin regional güc statusunu daha da möhkəmləndirəcək.
Lakin Türkiyənin Suriyada, İraqda, Şərqi Aralıq dənizində və Cənubi Qafqazda aktiv siyasəti bəzi qlobal gücləri narahat edir. Ankara düşünür ki, Türkiyəni zəiflətmək üçün həm iqtisadi təzyiqlərdən, həm də daxili siyasi proseslərdən istifadə oluna bilər.
Bu baxımdan erkən seçkilər həm də hakimiyyət üçün qabaqlayıcı siyasi manevr hesab olunur.
Türkiyədə mümkün növbədənkənar seçkilər sadəcə daxili siyasi kampaniya deyil. Bu, Ankaranın yeni dünya düzəninə uyğunlaşmaq üçün həyata keçirdiyi genişmiqyaslı geosiyasi hazırlığın tərkib hissəsidir.

Ərdoğan hakimiyyəti anlayır ki, qarşıdakı illər Türkiyə üçün həm böyük risklər, həm də tarixi imkanlar dövrü olacaq. Buna görə də Ankara daxildə siyasi konsolidasiyanı gücləndirməyə, parlament üstünlüyünü təmin etməyə və yeni geosiyasi mərhələyə daha güclü legitimliklə daxil olmağa çalışır.

Türkiyə artıq regional dövlət olmaq mərhələsini geridə qoymağa çalışır. Ankara indi qlobal sistemin yenidən qurulduğu bir dövrdə özünü yeni güc mərkəzlərindən biri kimi mövqeləndirmək istəyir. Mümkün erkən seçkilər də məhz bu böyük strateji transformasiyanın siyasi instrumenti rolunu oynayır.

Mürtəza Bünyadlı

Seçilən
11
1
olke.az

2Mənbələr