AZ

"Sel sularına qarşı infrastruktur gücləndirilməlidir" - EKOLOQ DANIŞDI

İqlim dəyişikliklərinə tam uyğunlaşmaq və onların təsirlərindən tamamilə yayınmaq mümkün deyil. Çünki iqlim dəyişiklikləri qlobal prosesdir və planetin bütün bölgələrinə təsir göstərir. Buna görə də hansısa bir ölkənin təkbaşına bu prosesdən tam qorunması real görünmür".

Bu sözləri SİA-ya açıqlamasında ekoloq Cəmşid Bəxtiyar deyib.

Onun sözlərinə görə, lakin iqlim dəyişikliklərinin yaratdığı anomal hava hadisələrinə — quraqlıq, intensiv yağışlar, daşqınlar və digər təbii hadisələrə qarşı hazırlıq görmək mümkündür və vacibdir: "Hər bir ölkə, şəhər və yaşayış məntəqəsi bu riskləri azaltmaq üçün müəyyən tədbirlər həyata keçirməlidir.

Məsələn, kənd təsərrüfatında quraqlığın təsirlərini minimuma endirmək üçün müasir suvarma sistemlərinin qurulması, su ehtiyatlarından səmərəli istifadə və alternativ su mənbələrinin tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər iqlim dəyişikliklərinin təsirlərini tam aradan qaldırmasa da, zərərin azalmasına kömək edə bilər.

Digər tərəfdən, intensiv yağışlar da qlobal iqlim dəyişikliklərinin ciddi nəticələrindən biridir. Bu cür hava şəraitinə qarşı həm kənd təsərrüfatında, həm də şəhər infrastrukturunda qabaqlayıcı tədbirlər görülməlidir. Əkin sahələrini, bağları və təsərrüfatları sel və daşqınlardan qorumaq üçün müdafiə sədlərinin, drenaj sistemlərinin və digər mühəndis qurğularının tikilməsi vacibdir.

Məsələn, yaz aylarında intensiv yağışlar ağacların çiçəkləmə dövrünə təsadüf etdikdə tozlanma prosesi pozulur və nəticədə məhsuldarlıq azalır. Bu isə həm fermerlərə, həm də bazarda məhsul gözləyən insanlara mənfi təsir göstərir. Belə halların qarşısını almaq üçün bəzi bağların üzərində xüsusi qoruyucu örtüklər qurmaq mümkündür.

Bəzən isə yaz fəslində gözlənilmədən şaxtalar müşahidə olunur. Bu halda istixana tipli qoruyucu örtüklər bağları və ağacların çiçəklərini şaxtadan qorumağa kömək edir. Bu üsullar hələlik geniş yayılmasa da, müəyyən təsərrüfatlarda tətbiq olunur və effektiv nəticə verir.

Məsələn, 90-cı illərdə Samux rayonunda belə bir layihənin həyata keçirilməsində iştirak etmişdik. Təxminən bir yarım hektarlıq ərik bağının üzəri xüsusi örtüklə qorunmuşdu. Nəticədə həmin bağın məhsuldarlığı çəkilən xərcləri dəfələrlə kompensasiya etmişdi.

Qlobal iqlim dəyişiklikləri dövründə intensiv yağışların yaratdığı problemlər təkcə kənd təsərrüfatına deyil, həm də şəhərlərə və iri yaşayış məntəqələrinə ciddi təsir göstərir. Hazırda Bakı şəhərində də sakinlər məhz bu cür problemlərlə üz-üzədirlər. Bu məsələ artıq şəhərsalma və infrastruktur planlamasının əsas problemlərindən biri kimi ortaya çıxır.

Şəhərlər elə planlaşdırılmalıdır ki, sel və leysan sularının yaşayış məntəqələrində ciddi fəsadlar yaratmasının qarşısı alınsın. Çünki gələcəkdə bu yağışların daha da intensiv olacağı gözlənilir. İqlim dəyişiklikləri və qlobal istiləşmə dərinləşdikcə qəfil yağan leysan yağışlarının miqyası və tezliyi artır. Mütəxəssislərin proqnozlarına görə, yaxın dövrdə təbii hadisələrin təsiri daha geniş və daha ağır şəkildə hiss olunacaq. Bu səbəbdən intensiv yağışlar artıq qaçılmaz reallıq kimi qəbul edilməlidir.

Ona görə də böyük şəhərlər və yaşayış məntəqələri bu risklərə hazır olmalıdır. İlk növbədə, mövcud drenaj sistemlərinin genişləndirilməsi, yenilənməsi və daha effektiv şəkildə şəbəkələşdirilməsi vacibdir. Bu məsələ Bakı şəhəri də daxil olmaqla bir çox yaşayış məntəqəsinin qarşısında duran əsas vəzifələrdən biri hesab olunmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
3
1
sia.az

2Mənbələr